Əqdlərin bağlanması qaydalarını pozanlar həbs ediləcəklər
20-04-2017, 21:44
Azərbaycanda əqdlərin bağlanması qaydalarını pozanlar həbs ediləcəklər.
Cinayət Məcəlləsinə 201-1-ci (Hüquqi şəxslərə aidiyyatı olan şəxslərlə əaqdlərin bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi) maddəsi əlavə olunur.
Layihəyə əsasən, hüquqi şəxslərə aidiyyatı olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi xeyli ziyan vurmaqla və ya gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda ziyan vurmaqla və ya gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 3 mislindən 5 mislinədək cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hüquqi şəxslərə aidiyyatı olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi xeyli və ya külli miqdarda ziyan vurmaqla törədildikdə, bu əməllərə görə cinayət məsuliyyətinin yaranması məsələlərini tənzimləyir.
Dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Report