“EXCHANGE”lərin BƏRPASI: daldan atılan daş - Bu səhvə görə kim cavab verməlidir?

21-04-2017, 17:10           

Doğrusu, Azərbaycan iqtisadiyyatında, xüsusilə pul-kredit siyasətində və maliyyə sektorunda atılan addımların əsas mənbəyinin hansı qurumun, yaxud hansı konkret bir məmurun beyninin məhsulu olduğunu anlamaq çox çətindir. Maliyyə nazirinin dediyilə Mərkəzi Bank rəhbərinin söylədiyi düz gəlmir, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvlərinin dediyilə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərinin fikirləri ziddiyyət təşkil edir, müstəqil ekspertlərlə hökumətyönlü analitiklərin mövqeyi daban-dabana ziddir və sair.

Ən pisi də odur ki, bunları bir yerə yığıb, orta məxrəc tapan və ölkə iqtisadiyyatını düşdüyü mat vəziyyətindən çıxaracaq bir üstqurum görünmür. Məntiqlə bu problemi hökumət və onun başçısı çözməlidir. Ancaq reallıqda adama elə gəlir ki, ölkə iqtisadiyyatının Araz Əlizadəyə nə qədər dəxli varsa, Artur Rəsizadəyə də o qədər aidiyyatı var…

Ölkənin iqtisadi gündəminə oturan yeni mövzu valyutadəyişmə məntəqələrinin bərpasıdır. Milli Məclisdə bununla bağlı qanun layihəsi hazırlanıb. Məlum məsələdir ki, bu ideya parlamentə yox, hökumətdəki maliyyə-iqtisadi sahəyə cavabdeh olan beyin sahiblərinə aiddir. Həmin şəxslərə ki, əvvəlcə manatı lazımi təhlillər aparmadan, məsələnin bank sektoruna, ölkənin pul-kredit siyasətinə, təzə-təzə dirçəlmək istəyən kiçik və orta biznesinə və ümümilikdə dünyadakı maliyyə-iqtisadi imicinə vuracağı ziyanı hesablamadan Azərbaycan manatını çox urvatsız və hörmətsiz şəkildə dəyərdən saldı.

Düzünü bilmək istəsəniz, söhbət Maliyyə Nazirliyindən gedir. Mətbuatda da dəfələrlə manatın devalvasiyasının əsas təşəbbüskarının məhz Samir Şərifov olduğuna dair məlumatlar dərc edilib. Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun isə bunun əleyhinə olduğuna dair məlumatlar var.

Əlbəttə ki, Mərkəzi Bank rəhbəri kimi strateji post sahibi ya sonadək öz mövqeyinin üzərində qalmalı, ya da öz vəzifəsində qalmamalı idi. Ancaq Azərbaycan reallıqları bu cür fədakar və cəsarətli addımlara yer qoymur. Əks halda, özünü Elman Rüstəmovun yerində hiss edən ən ortabab mütəxəssis belə, bugün çıxıb “devalvasiya olmayacaq” deyəndən 2-3 gün sonra milli valyutanın çökməsi səbəbilə özünə o postda oturmağı yaraşdırmazdı.

Deməli, seçim edilib və bu seçim Elman Rüstəmovun yox, Samir Şərifovun xeyrinə müəyyənləşib. Nəticə də göz qabağındadır. Büdcəni dəyərdən düşmüş manat hesabına dolduran maliyyə nazirini, görünür iqtisadiyyatdakı real sektorun bugünü və gələcəyi qəti düşündürməyib. Əsas məsələ “yuxarılara” büdcənin gəlirlər hissəsini təmin etməklə bağlı raport vermək və nə dərəcədə əvəzolunmaz biri olduğunu göstərməklə, opponentlərinin üzərində zəfər çalmaqdır. Ancaq bu opportunist mövqe ölkə iqtisadiyyatına elə bir zərbə vurub ki, onu valyutadəyişmə məntəqələrinin bərpası ilə sağaltmaq mümkün deyil.

elman01Əlbəttə ki, məntiqlə “exchange”lərin ləğvinə görə məsuliyyət Mərkəzi Bank rəhbərinin üzərinə düşür. Və bugün onların bərpası həmin qərarın böyük səhv olduğunu göstərir. Lakin hətta “exchange”lərin ləğvinin də Elman Rüstəmovun təşəbbüsü ilə müstəqil şəkildə atıldığı belə, şübhə doğurur.

Xatırladaq ki, “exchange”lər 2016-cı ilin əvvəlində bağlandı. Nəticə nə oldu? Bu sahədə çalışan 10 minə yaxın insan işsiz qaldı. “Qara bazar” çiçəkləndi. İri məmurların adamları “qara bazarı” ələ aldı və onların milyonlarını, milyardlarını “fırlatmağa”, böyük miqdarda qazanc əldə etməyə nail oldular. Ortadakı kiçik və ortabab oyunçuları isə hüquq-mühafizə orqanları “ovlamağa” başladılar. Nələr oldu, nələr..!
Bankların da əlinə fürsət düşdü. Dollar başda olmaqla, bütün aparıcı xarici valyutaların alış və satış qiymətləri arasında dünyada misli görünməmiş həddə fərq qoyuldu. Bu hesaba milyonlar, on milyonlar, yüz milyonlar qazandılar. İtirən isə əlindəki pulu manat, yoxsa dollar şəklində saxlamalı olduğunu bilməyən, anlamayan “qara camaat” oldu.

Hələ də hərənin ağzından bir avaz gəlir. Hər şey məşhur klassik əsərdəki epizodu xatırladır: Səngərdəki əsgər yenildiklərini və hücum edən qoşun qarşısında ölümlə üz-üzə qaldığını görəndə, yanındakı düşmən əsgərin meyitinin poqonlarını sökərək öz çiyinlərinə taxır, sonradan öz qoşunları hücuma keçən kimi, həmin poqonları atır və özününküiləri yerinə qoyur.
Bugün orta statistik azərbaycanlı həmin durumdadır – bilmir nə etsin, dollar saxlasın, ya manat. Və ona heç kim düz-əməlli başa salmır ki, dollar saxlayan hər bir kəs, Amerika iqtisadiyyatına böyük töhfə verir, öz iqtisadiyyatına isə bir o qədər ziyan vurur. Ancaq onu da qınamaq olmur. İqtisadi sektora cavabdeh olan nazirləri ölkə iqtisadiyyatının gələcəyi az maraqlandırırsa, sıravi azərbaycanlı neyləsin? O nazirin özü pulunu manatla yox, dollarla saxlayırsa, əsas biznesi xaricdədirsə, başqalarından nə gözləyəsən?

İndi görəsən, valyutadəyişmə məntəqələrinin ləğvindən və bununla bağlı cinayət məsuliyyətinin müəyyən edilməsindən sonra ora-bura çək-çevir edilən, olan-qalanı əlindən alınanların ziyanını kim ödəyəcək? Əgər “Exchange”lərin fəaliyyəti iqtisadiyyata ziyan vurmurdusa, əksinə , bazarda nisbi də olsa tələb və təklif arasında tarazlıq yaradırdısa, onlar niyə ləğv edildi? Yox, əgər valyutadəyişmə məntəqələri doğrudan da maliyyə sektoruna ziyan vururdusa, möhtəkirliyə yol açırdısa, ind niyə yenidən bərpa olunur? Bir sözlə, bu ölkənin iqtisadiyyatını bugün atılan addımın bir il sonra yaradacağı fəsadı görə və dərk edə bilməyən nazirlər idarə edirsə, vay bizim halımıza. Hara baxır bu nazirlər, nə ilə məşğuldurlar görəsən?
Yeri gəlmişkən, son günlər mətbuatda Yasamal rayonu ərazisində yaşıllığın məhv edilərək, yerində bina tikildiyinə və prezidentin bu tikintini dayandırdığına dair informasiyalar dərc olundu. Sonra da bildirildi ki, bunu edən şirkətin arxasında maliyyə naziri durur…/azpolitika.info/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.