General Vaqif Axundov:"Bu işçilər ətrafında xüsusi yoxlama tədbirləri həyata keçirilib"
22-04-2017, 09:47
IV İslam Həmrəyliyi Oyunları ərəfəsində qonaqlara xidmət göstərəcək çoxsaylı personal – idman obyektlərində çalışacaq işçilər ətrafında xüsusi yoxlama tədbirləri həyata keçirilib. Xüsusi Dövlət Mühafizə Xidmətinin yoxladığı 1560 nəfərdən 107 nəfərinin barəsində nüfuzdan salan məlumatlar əldə olunduğundan, tədbirlərdən kənarlaşdırılıb.
Strateq.az xəbər verir ki, bu məlumatı Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxışı zamanı səsləndirib.
General Vaqif Axundov deyib ki, Xüsusi Dövlət Mühafizə Xidməti Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə birlikdə, xüsusən də bu Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamentinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində təhlükəsizlik tədbirlərini həyata keçirir: "Oyunlar zamanı istifadə ediləcək idman, məşq, qeyri-idman obyektlərinin siyahıları tərtib olunub. Bu siyahıları bizə Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti təqdim edib. Bu obyektlərin hamısına baxış keçirilib. Daxili İşlər Nazirliyi və digər qurumlarla buraxılış rejimini həyata keçirmək üçün texniki mühafizə və videonəzarət avadanlıqlarının quraşdırılması və mühafizə planlarının hazırlanması işlərinə başlanılıb".
V.Axundovun sözlərinə görə, birinci Avropa Oyunları zamanı alınaraq respublikamıza gətirilmiş çoxlu sayda texniki avadanlıqlardan IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcək: "Bunlar “X-RAY” avadanlıqları, stasionar metalaxtaran, partlayıcı maddələri aşkarlayan qurğulardır. Həmçinin 1000-dən çox kameranı təmir etmək üçün “Boch” videomüşahidə sistemi, üç baza stansiyası, dörd min “Motorola” tipli əl radiostansiyalarıdır. Altı yüz “Motorola” mobil stansiya alınaraq artıq gətirilib və qoruduğumuz obyektlərdə bunlardan tam həcmdə istifadə edəcəyik. Hazırda bu avadanlıqların obyektlərdə qurulması işləri tam başa çatıb. 17 obyektdə 114 “X-RAY” avadanlığı, 213 stasionar metalaxtaran avadanlıqlar quraşdırılıb, 13 obyektdə isə 41 “X-RAY” və 81 stasionar metalaxtaranların quraşdırılması aprelin sonlarında başa çatdırılacaq. On idman obyektində daxildə və perimetr boyunca videomüşahidə sistemləri quraşdırılıb. Beş obyektdə isə belə sistemlərin quraşdırılması nəzərdə tutulur".
2017-ci ilin fevral ayından başlayaraq aidiyyəti qurumlarla birgə Oyunların kibertəhlükəsizliyinin təmin olunması üzrə zəruri tədbirlərin hazırlanaraq həyata keçirildiyini vurğulayan V.Axundov deyib ki, çoxsaylı personal – bu idman obyektlərində çalışacaq işçilər ətrafında da yoxlama tədbirləri həyata keçirilib: "Bu siyahılar bizə və eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə təqdim olunub. Bu insanları xüsusi yoxlamalardan keçirmişik. Təkcə Xüsusi Dövlət Mühafizə Xidməti 1560 nəfəri yoxlayıb. Onlardan 107 nəfəri barəsində nüfuzdan salan məlumatlar əldə olunduğuna görə tədbirlərdən kənarlaşdırılıb".
V.Axundov həmçinin bildirib ki, Oyunların keçirilməsi ilə bağlı Azərbaycana gələn çoxsaylı qonaqlara qarşı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verə biləcək hər hansı təxribat hallarının qarşısının alınması məqsədi ilə “AZAL”ın Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə profilaktik tədbirlər hazırlanaraq həyata keçirilir: "Bakı Olimpiya Stadionunda Oyunların açılış və bağlanış mərasimləri zamanı havaya qaldırılacaq helikopterlərin təhlükəsizlik uçuşu ilə əlaqədar “Silk Way Helicopter” şirkəti və Təşkilat Komitəsinin mərasimlər departamenti ilə müvafiq hazırlıq işləri aparılır. IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizliyi ilə bağlı mühafizə tədbirlərinə Xüsusi Dövlət Mühafizə Xidmətindən 700 hərbi qulluqçu, o cümlədən 100 qadın hərbi qulluqçu cəlb olunub. Aprel ayında onlarla təlim toplanışları keçirilib, buraxılışa nəzarət avadanlıqlarından – “X-RAY” və metalaxtarandan istifadə etmək bacarıqlarını təkmilləşdirmək məqsədilə kurslar təşkil edilib.
Ümumiyyətlə, Xidmətimizin texniki mütəxəssisləri tərəfindən mühafizə tədbirlərinə cəlb olunacaq hüquq-mühafizə orqanlarının 1500 nəfərlik şəxsi heyəti ilə xüsusi təlim toplanışları və məşqlər keçirilib. İdman obyektlərində və qeyri-idman obyektlərində quraşdırılmış “X-RAY” və metalaxtaranlarda işləmək üçün Daxili İşlər Nazirliyinin və digər qurumların əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində təlimlər təşkil olunub. Xüsusilə qeyd etmək lazımdır ki, bütün idman obyektlərinin lift sektorlarının və yüksək səviyyəli qonaqların yaşayacağı mehmanxanaların mühafizə planları və sxemləri hazırlanaraq, Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti ilə razılaşdırılıb.
Bundan əlavə, Xidmətimizin situasiya mərkəzi tərəfindən 5 mindən çox müşahidə kamerası vasitəsilə obyektlərə videonəzarətin təmin edilməsi ilə bağlı həyata keçirilən hazırlıq tədbirləri başa çatdırılıb. İdman və qeyri-idman obyektlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə Xidmətimiz tərəfindən ayrılmış mühafizə rəhbərlərinin mayın 1-dən etibarən obyektlərə göndərilməsi, mayın 8-dən isə idman obyektlərinin VIP sektorlarının müayinə edilərək tam mühafizəyə götürülməsi nəzərdə tutulur. Təhlükəsizlik məsələlərinin operativ həlli üçün Xidmətimizin işçi qrupu mayın 1-dən Təşkilat Komitəsinin baş ofisinə ezam olunacaq, orada digər qurumların əməkdaşları ilə birlikdə tam fəaliyyətə başlayacaqlar. Bununla yanaşı, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı şəhərinə səfər edəcək yüksək səviyyəli qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə Xidmətimizin avtomobil parkında zəruri sayda avtonəqliyyat vasitələri texniki baxışdan keçirilərək tam hazır vəziyyətə gətirilib və qonaqlara xidmət göstərəcək".
Təhlükəsizlik tədbirlərinə cəlb olunacaq mühafizə əməkdaşları üçün xüsusi gödəkçələr hazırlandığını söyləyən V.Axundov bu gödəkçələrin formasının Təşkilat Komitəsi ilə razılaşdırıldığını və tədbirlərin təhlükəsizliyinin təmin olunması zamanı bu gödəkçələrdən istifadə olunacağını deyib. Həmçinin bildirib ki, yaddaş kitabçaları hazırlanıb və 1000-ə yaxın əməkdaşa paylanıb: "Burada bütün məlumatlar var: həm idman obyektlərinin yerləri, həm keçiriləcək idman növləri, təmsil olunacaq dövlətlər haqqında bütün məlumatlar yaddaş kitabçasında öz əksini tapıb. Şəxsi heyət bu tədbirlərin həyata keçirilməsinə demək olar ki, tam hazırdır".
General V.Axundov çıxışının sonunda Birinci vitse-prezidenti əmin edib ki, Azərbaycan Respublikasında IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti əlindən gələni əsirgəməyəcək və bu tədbirlərdə təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.