Avropanın Bakıda onlara 200 milyon verməsi... – Şura sədri

22-04-2017, 10:28           

Bu, bizim üçün təəccüblü rəqəm deyil, həmişə qeyd etmişik ki, bəzi donorlar, xüsusilə Avropa İttifaqı bəlli bir qrup QHT-lərlə işləyir və onlara külli miqdarda vəsait ayırır.

Bu sözləri Axar.az-a son 10 ildə Avropa İttifaqı tərəfindən Azərbaycanın 70 qeyri-hökumət təşkilatına 90 milyon avro qrantın ayrılmasına münasibət bildirən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. Millət vəkili bunun iki mühüm narazılıq yaratdığını qeyd edib:

“Birincisi, özlərinin seçdikləri tərəfdaşların davamlı şəkildə eyni mərhələlərə cəlb edilməsi. İkincisi, digər QHT-lərin kənarda qalması.

Bir çox hallarda müşahidələrimiz onu deməyə əsas verir ki, QHT-lər əsasən siyasi fəaliyyətlərinə, hökumətə münasibətinə görə seçilir, bir növ hazırlanır və onlara daha çox vəsait ayrılır. Hesab edirəm ki, bu çox yanlış yanaşmadır və son 10 ildə cəmi 70 təşkilata 200 milyon manatdan çox vəsaitin verilməsi, əlbəttə ki, çox düşündürücüdür. Əgər bizim Şuranın statistikasına baxsaq, son 10 ildə təxminən 5000-ə yaxın QHT-yə dəstək vermişik və bunun miqdarı cəmi 20-25 milyon manatdır. Bu, bir daha təsdiq edir ki, Avropa İttifaqı məhz özünün müəyyənləşdirdiyi və yalnız müəyyən işçi qaydada təsbit olunan meyarlar əsasında seçdiyi QHT-lərə dəfələrlə külli miqdarda vəsait ayırır. Əlbəttə, deyə bilərlər ki, donor istədiyi qrantı istədiyi QHT-yə verə bilər. Ancaq burada mübahisələr var. Donor heç bir halda vəsait ayıran zaman ayrı-seçkiliyə yol verməməli, siyasi motivasiya çərçivəsində qərarlar qəbul etməməli, verdiyi qərarlar şəffaf, açıq, hamı üçün əlçatan olmalıdır”.

Azay Quliyev bu prosedurların çox vaxt gözlənilmədiyini və bununla bağlı dəfələrlə Avropa İttifaqının keçmiş səfirinə iradlarını çatdırdıqlarını qeyd edib:

“Biz bu məsələni QHT-lərin şikayətləri əsasında qaldırsaq da, buna tam şəkildə əməl olunmurdu. Düzdür, indiki səfir Malena Mard gələndən sonra bu istiqamətdə şəffalıq xeyli artırıldı, müxtəlif QHT-lərlə əməkdaşlıq quruldu. Ancaq yenə də bu istiqamətdə görüləcək işlər az deyil. İlk növbədə hesabatlılıq amili tam həllini tapmalı və narazı qalan QHT-lərin şikayətləri dinlənilməlidir. Məsələn, bizim Şura qərardan narazı qalan QHT-lər üçün Apelyasiya Komissiyası yaradıb. Bəzi hallarda Apelyasiya Komisiyanın iclaslarında QHT-lərin bir çoxunun şikayətləri təmin olunur və onlara qrant ayrılır. Bu, çox şəffaf, demokratik və hesabatlı bir sistemdir. Görünən odur ki, beynəlxalq təşkilatlarda bu cür təcrübə tətbiq olunmur. Ona görə də bu, xeyli suallar doğurur, narazılıq yaradır. QHT-lər haqlı olaraq qeyd edirlər ki, necə ola bilər bir QHT milyonlarla vəsait alır, onun hara və necə xərclənməsi ilə bağlı heç bir məlumat verilmir. Üstəlik, donor, yaxud da ictimai təşkilatlar, jurnalistlər tərəfindən araşdırma aparılmır, onların fəaliyyətləri təftiş edilmir və bu hal kütləvi şəkildə davam edir. Prinsip etibarilə bu fikirləri mən də bölüşürəm”.

Qeyd edək ki, Bakıda “QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması” adlı konfrans baş tutub. Konfransda çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard açıqlama verib ki, son 10 ildə Avropa İttifaqı Azərbaycanın 70 qeyri-hökumət təşkilatına 90 milyon avro qrant ayırıb.

Bu rəqəmin səslənməsi ilə geniş müzakirələr başlayıb. Bir çox ictimai fəal və tanınmış jurnalist ayrılan vəsaitin qeyri-şəffaf xərcləndiyini, burada korrupsiyanın olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.