Bu məhsullar Azərbaycanı dünyaya tanıdacaq – FOTOLAR
24-04-2017, 11:49
Azərbaycanın dünya bazarında rahat şəkildə yer tuta biləcəyi kənd təsərrüfatı məhsullarının adları açıqlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdov Publika.az-a açıqlamasında deyib ki, sözügedən məhsullar əsasən fındıq, nar, pomidor və digər kənd təsərrüfatı bitkiləridir:
“Bizim elə kənd təsərrüfatı məhsullarımız var ki, onlar rəqabətə davamlıdır. Misal üçün, fındıqçılıq bu sahələrdən biridir. Fındıq çox ölkələrdə əkilib-becərilmir. Bu bitkinin əkilib-becərilməsinə hər bir torpaq və iqlim imkan vermir. Ancaq fındıqçılığa görə Azərbaycan ərazisi çox əlverişlidir”.
Şöbə müdiri bildirib ki, fındıq istehsalına görə Türkiyə dünyada birinci, Azərbaycan isə 4-cü, 5-ci yerləri tutur:
“Azərbaycanda istehsal olunan fındıq dadına, keyfiyyətinə və ekoloji təmizliyinə görə yüksəkdir. Dünya bazarında da bizim fındıq məhsulumuz çox maraqla qarşılanır. Bu gün Azərbaycan fındığını Türkiyə və digər Avropa ölkələri böyük məmnuniyyətlə alırlar”.
İ.Cümşüdov Azərbaycanı dünyaya çıxaracaq digər kənd təsərrüfatı məhsullarının da olduğunu söyləyib:
“Bizim dünya bazarında rahat yer tuta bilən digər kənd təsərrüfatı məhsullarımız da var. Misal üçün, nar da ixracyönümlü məhsuldur. Dünyada heç bir ölkənin narının keyfiyyəti Azərbaycan narına çata bilməz. Xarici ölkələrin narları dekorativlik və görünüş baxımından Azərbaycan narından cəlbedici ola bilər, ancaq bizim narın dadını, ekoloji təmizliyini və keyfiyyətini verə bilməz”.
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan eyni zamanda faraş tərəvəz və pomidor məhsulları ilə də dünya bazarına rahat şəkildə çıxa bilər:
“Bu gün Azərbaycanın “Zirə” pomidoru Rusiya və digər ölkələrin bazarlarında keyfiyyətli adı ilə tanınır. Baxmayaraq ki, Rusiya bazarlarına İran və Türkiyədən də pomidorlar ixrac olunur, ancaq Azərbaycan məhsullarına tələbat və maraq daha çoxdur. Buna görə də Rusiyada Azərbaycan pomidoru Türkiyə və İran pomidorundan baha qiymətə satılır”.
İ.Cümşüdov vurğulayıb ki, dünyanın 11 iqlim qurşağının 9 növü Azərbaycanda mövcuddur:
“Ona görə də biz dünyaya keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edə bilərik. Eyni zamanda biz həmin məhsullarla dünya bazarında rahat şəkildə yer tuta və Azərbaycan brendi qazana bilərik”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, iqtisadçı-deputat Vahid Əhmədov isə deyib ki, Azərbaycan dünya bazarına neft sənayesi məhsulları və avadanlıqları ilə da çıxmaq imkanlarına malikdir:
“Doğrudur, indiyədək daha çox alkoqollu içkilər istehsal edirdik. Ancaq biz Sovet İttifaqı dövründə yaşamışıq adamlarıq. Vaxtilə neft maşınqayırması sahəsində Azərbaycandan 25 ölkəyə məhsul göndərilirdi. Bunun üçün imkanlarımız var”.
V.Əhmədov bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə xarici bazarlara çıxması imkanları da böyükdür:
“Bunun üçün ilk növbədə qiymət və keyfiyyət məsələlərinə diqqət yetirmək lazımdır. Hazırda “Made in Azerbaijan” brendi altında yerli məhsulların xarici bazarlara çıxarılması prosesi sürətləndirlir. Bu məhsulların təşviqi ilə əlaqədar ölkə başçısı tərəfindən xüsusi sərəncam və fərmanlar imzalanıb. Biz qanun qəbul etmişik, ixrac məhsullarını artırmaq üçün sahibkarlara güzəştlər edilir”.
Deputat qeyd edib ki, artıq pambıqçılıq, baramaçılıq, tütünçülük və digər kənd təsərrüfatı sahələrində də inkişaf artır:
“İnanıram ki, bu məhsullara dünya bazarında tələbat olacaq. Ona görə də düşünmürəm ki, dünya bazarında Azərbaycan məhsullarına yer tutmaq problemi yaransın”.
Azərbaycanda sənaye parklarının salınmasını da vurğulayan V.Əhmədov deyib ki, həmin parklarda istehsal olunacaq məhsullar da tədricən dünya bazarına çıxarılacaq: “Ona görə də hesab edirəm ki, Azərbaycan 2017-2018-ci illərdə xaricə çıxaracağı məhsulların həcmini artıracaq. Bu məhsulların dünya bazarında yer tutması üçün isə keyfiyyət və xarici görünüş böyük rol oynayır”.
Deputat vurğulayıb ki, Azərbaycan məhsullarının dünya bazarına çıxarılmasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının da çox böyük əhəmiyyəti var:
“Ümumiyyətlə, ölkə Prezidenti Azərbaycanda beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün çox mühüm addımlar atır. Bunlardan biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının salınmasıdır. Bu liman regionun ən böyük dəniz portu olacaq. Hazırda burada sürətli işlər gedir. Ərazidə 200 min nəfərlik yaşayış məntəqəsinin də salınması nəzərdə tutulur. Bütün bunlar isə Azərbaycanın ixrac məhsullarının həcminin artırılması üçün atılır”.