“Holcim”in İŞİD-ə pul ödədiyi üzə çıxdı – Şirkət rəhbəri istefa verdi
25-04-2017, 13:04
“LafargeHolcim Group” 2012 və 2014-cü illərdə Suriyada fəaliyyətini davam etdirmək üçün İŞİD terror təşkilatı və bəzi silahlı qruplaşmalara pul ödəyib. “APA-Economics” xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Nəşrin iddiasına görə, şirkət daxili araşdırmaların nəticəsi olaraq şirkət baş icraçı direktoru Erik Olsen (Eric Olsen) istefa verib.
“Şirkətin bəzi əməkdaşları etiraf ediblər ki, nəhəng sement istehsalçısı Suriyanın Cələbiyə adlanan ərazisində yerləşən zavodun təhlükəsiz fəaliyyət göstərməsi üçün bəzi “qəbuledilməz razılaşmaları” qəbul edib”, – deyə məlumatda qeyd edilib.
Fransa mətbuatına danışan şirkətin bəzi əməkdaşları isə bildirib ki, qeyri-qanuni ödənişlərin bir qismi birbaşa olaraq İŞİD-ə göndərilib, əvəzində terror təşkilatı zavodun təhlükəsizliyini təmin edib.
Qeyd edək ki, “Holcim (Azərbaycan)” (keçmiş “Qaradağ Sement”) “LafargeHolcim Group”un törəmə müəssisəsidir.
“Holcim (Azərbaycan)” ASC-də səhmdarların pay bölgüsü bu cürdür: “Azərbaycan İnvestisiya Şirkəti” (10%), “Holcim LTD” (69,4%), Avropa Yenidənqurma və Yenidənqurma Bankı (10%) və yerli investorlar (10,6%).