Akif Çovdarovun həbsi Qədim Ədilovun işinə yarayıb - ““MTN işi”ndə zərərçəkən dələduz çıxdı
26-04-2017, 10:12
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com-un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gürcüstan Humanitar Elmlər və İncəsənət Akademiyasının fəxri doktoru Natiq Hümbətov ifadə verib. N.Hümbətov iş üzrə zərərçəkən kimi tanınan, ötən prosesdə ifadə verən Qədim Ədilovun epizodu üzrə bildiklərini məhkəmənin diqqətinə çatdırıb. Qeyd edək ki, Qədim Ədilov ifadəsində göstərib ki, Akif Çovdarov tərəfindən döyülüb və MTN əməkdaşlarından Səlim Məmmədova pul verib. İstintaq və məhkəmə zamanı Qədim Ədilov ziddiyyətli ifadələr verib.
Natiq Hümbətov məhkəməyə notarial sənədlər təqdim edərək ifadəsində deyib ki, Q.Ədilovun bu gün də ona külli miqdarda borcu var, qohumu Akif Çovdarovun həbsindən sui-istifadə edərək onun borcunu vermir: “Qayınlarım Keşlə Yük Stansiyasında (KYS) taxta alveri ilə məşğul idilər. Qaynım Sadiq Cəfərov 2014-cü ilin iyunda dedi ki, Qədimlə tanış olub və o, yaxşı keyfiyyətli, ucuz qiymətə bizə mal verə bilər. Sadiqin Qədimə məsuliyyətlə nəzarət edəcəyinə arxayın olaraq dostum olan türk iş adamından 80 min dollar borc aldım. Bundan əlavə, Qafqaz İnkişaf Bankından ”Nargilə" kafesinin yanında 470 minə aldığım həyət evini girov qoymaqla, 127 min dollar kredit götürdüm. İlk 80 mini Sadiqin vasitəsilə Qədimə verdim. 127 min dolları isə həmin vaxt manatla şəxsən Qədim Ədilovun özünə dostum Mütəllim Əliyevə məxsus ofisdə vermişəm. Əvvəllər Qədim qayınlarım Sadiq və Məmməd Cəfərovlardan 300 min dollar pul götürərək onlara 3-4 vaqon taxta satmışdı. Məndən pulları alandan sonra bizə 1 vaqon da olsa mal vermədi. Ümumilikdə, onun bizə 425 min dollar borcu yaranmışdı. 2014-cü ilin payız aylarında Keşlə stansiyasında səs yayıldı ki, Qədimin 3-4 vaqon taxtası gəlib. Taxtalar onun əlyazma ilə nömrələrini yazıb bizə verdiyi vaqonlarda gəlmişdi. Lakin bizə yaxın olan firmanın ünvanına yüklənməmişdi. Sonradan aydın oldu ki, Qədim taxta dolu vaqonların hər birini 5-6 adama satıb. Həmin nömrələri onlara da veribmiş. Bizim etirazlarımıza baxmayaraq, taxta dolu vaqonlar “Azkapital” firmasının nümayəndəsi Haqverdi Şükürova verildi. Sonradan bilindi ki, Qədim KYS-də 7-8 adamdan, hər birindən 5-10 vaqon taxta üçün (ümumilikdə 70 - 80 vaqon) 1 milyon dollar yığıb. Olmayan taxta dolu vaqonun hər birini 5 adama satıb. Heç kimin pulunu qaytarmaq fikri yoxdur. Bundan sonra Qədimlə bir neçə dəfə görüşdüm, Rusiyada kimlərlə işlədiyi xəbər aldım. Onun işlədiyi adamların içində 2 nəfərlə tanış çıxdım. Həmin adamlarla əlaqə saxlayaraq Qədimin mənə borclu olduğunu dedim və Qədim üçün kəsməli olduqları malı mənə göndərmələrini xahiş etdim.
Uzun söhbətlərdən sonra Qədimi Rusiyanın Serov şəhərində işləyən həmin adamlara - Rüstəm və Mirhəbib adlı şəxslərə zəng vurmağa razı saldım. Onların hər ikisi dedilər ki, heç də Qədimin söylədiyi qədər - 100-200 min dollarlıq mal ona borclu deyillər. Hər iki şəxs dedi ki, malların göndərilməsi üçün nəqliyyat və gömrük məsrəfləri də ödəniməlidir. Borc alıb hər iki şəxsə məsrəfləri qarşılamaq üçün pul göndərdim. Nəticədə 2 nəfərdən birlikdə 65 min dollarlıq taxta gəldi. Beləliklə, Qədimin bizə 425 minlik borcu 360 min dollara düşdü. Bu hadisələr 2014-cü ilin dekabrında, 2015-in yanvarında olub. Bundan sonra Qədimin Rusiyadan alacağının olmadığını bildiyimə görə ona dedim ki, pulu verməsə, polisə şikayət edəcəyəm".
Məlum olub ki, Q.Ədilovun təklifi ilə onun N.Hümbətova olan 360 min dollar borcun etirafı haqda sənəd tərtib olunub. Həmin sənəd 2015-ci il yanvarın 16-da 38 saylı notariat kontorunda rəsmiləşdirilib. Bundan sonrakı aylarda Q.Ədilov həmin borcdan 1 dollar belə qaytarmayıb, əvəzində N.Hümbətovdan əlavə olaraq müxtəlif adlarla 5 min dollar, 7 min manat da alıb. Uzun müddət N.Hümbətova borcu qaytaracağını vəd edən Q.Ədilov onun polisə şikayət edəcəyini biləndən sonra atası və bir seyidlə ofisinə gedib. Bu dəfə isə N.Hümbətova 280 min dollar borclu olduğunu deyib. Amma həmin pulu da ödəməyib. N.Hümbətov deyib ki, həmin gün onun ofisindən çıxan Q.Ədilov dələduzluğunun qurbanı olan Xaləddin Yusibova və Rövşən Məhərrəmova zəng vurub və deyib ki, Natiq Hümbətova 80 min dollar “atıb”.
N.Hümbətov deyib ki, Q.Ədilovun dediklərinin səs yazısı da X.Yusibovda var: “Qədim Xaləddin Yusifova deyib ki, ”Natiqə ata-ata sənə olan borcu qaytaracağam". Bu görüşdən bir neçə gün sonra Qədim mənə zəng vurub görüşmək istədiyini dedi. Görüşə gələndə dedi ki, atam keçən dəfə sizinlə görüşdə Gürcüstanda məşhur şəxsiyyət olmuş dayınız haqda yazılan, ona bagışladıgınız kitaba baxıb və orada general Akif Çovdarovun da sizin dayınız haqda müsahibəsini görüb. Qədim kitabdan öyrənmişdi ki, Akif Çovdarov bizim qohumdur. Dedi ki, belədirsə, mənim müxtəlif adamlardan alacaqlarım var. MTN vasitəsilə o pulları alaq, mən də sizin pulları qaytarım".
Natiq Hümbətov ona cavab verib ki, ərizə yazmalıdır və əgər məsələlər MTN-in fəaliyyət dairəsinə daxil olsa, baxarlar.
Q.Ədilov MTN-ə onunla gedib, müxtəlif şəxslər barəsində şikayət ərizələri yazıb. Ərizələr yoxlanılarkən aydın olub ki, şikayətində göstərdiyi şəxslərin ona borcları yoxdur, Ədilov, sadəcə, həmin şəxsləri şərləyir. (Həmin ərizələrin surətlərini məhkəməyə təqdim etdi). Qədim Ədilov ərizəni verəndən təxminən 2-3 gün sonra şikayət etdiyi Natiq Həsənovla MTN-də görüşdük. Həsənov Qədimin onu şərlədiyini dedi və dediklərini sübut elədi. Qədimin ərizələr üzrə araşdırma aparılarkən Səlim Məmmədov onu tapa bilməmişdi və məni yığmışdı. Həmin vaxt mən Rusiyada, Don Universitetində məruzə ilə çıxış etdiyim günlərə təsadüf etmişdi. Bir dəfə də Gürcüstanın Diaspora Komitəsinin qurultayında iştirak etdiyim vaxt Səlim mənə zəng vurub “sənin bu dostun haradadır, onun ərizələrini araşdırırıq, tapa bilmirik onu” dedi. Konfranslarda olduğum üçün Qədimə “MTN-də səni axtarırlar, ora get, şikayət etmisən, dalında dur” sözlərini SMS-lə yollamışam".
Natiq Hümbətov MTN-də Qədim Ədilovun döyülməsi faktının həqiqətə uyğun olmadıgını söylədi.
N.Hümbətov deyib ki, Q.Ədilovun ərizə-şikayətlərində göstərdiyi şəxslərin ona borclu olmadığını yəqinləşdirəndən sonra Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib: “Məndən sonra Qədimin pullarını ələ keçirdiyi 8-10 iş adamı da ərizə ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət etdi. Barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178 3.2 maddəsi ilə cinayət işi başladı. Lakin təxminən ay yarım sonra Akif Çovdarov həbs olundu. Bunu kimsə öyrətdi ki, bir kompüterdə kağız yazıb istintaqa versin ki, guya bizə aldığı pulların əvəzində taxta verib. Qəribəsi odur ki, istintaq ”ədalətin gözü kor olur" ifadəsini hərfi mənada qəbul edərək, Qədimin dediklərini təkzib edən Dövlət Gömrük Komitəsinin arayışını və notarial sənədləri görməzlikdən gələrək, onun MTN işində zərərçəkən olduğunu əsas gətirərək bizim cinayət işini yarımçıq saxladı».
Natiq Hümbətovdan başqa iclasda Qədim Ədilovun əməllərindən zərərçəkmiş Sadiq Cəfərov və C.Namazov da çıxış edərək, onun dələduz oldugunu diqqətə çatdırıblar.
Proses aprelin 26-da davam etdiriləcək. \\musavat.com\\