Paytaxtın icra başçısı məhkəmə qərarını necə ləğv etdirir...

27-04-2017, 09:38           
Paytaxtın icra başçısı məhkəmə qərarını necə ləğv etdirir...
Tahir Kərimli: “Konkret məsuliyyət daşıyır”; Əsabəli Mustafayev: “Vəzifədən sui-istifadədir”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yenidən diqqət mərkəzinə gəlib. Bu dəfə paytaxtın icra başçısı icra məmurunun şikayəti əsasında məhkəmə tərəfindən 15 sutka inzibati həbs cəzası alan Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan məcburi köçkün Mikayıl Əhmədovu azadlığa buraxdırması ilə gündəmdədir.


Hadisə aprelin 26-da yaşanıb. Bir daha həmin hadisə barəsində qısa şəkildə məlumat veririk. Belə ki, köçkünlər 90-cı illərin əvvəllərində yerləşdikləri yarımçıq binadan çıxarılmalarına etiraz ediblər. Bir neçə vətəndaş 5 köçkün ailəsini məhkəməyə verərək, evlərin onlara məxsus olduqlarını bildirib. Köçkünlər isə yeni mənzillə təmin olunmadan yerləşdikləri mənzillərdən çıxmaq istəmirlər.


Suraxanı Rayon Məhkəməsi köçkünlərin əşyaları ilə birlikdə evdən çıxarılmasına qərar verib. Köçkünlərin səbrini isə ən çox daşıran icra məmurunun qərardan şikayətçi olan köçkün Mikayıl Əhmədovu 15 sutkalıq həbs etdirməsi olub.


Qərarın ardından məcburi köçkünlər yolu bağlayıblar. Həmin vaxt hadisə yerinə BŞİH rəhbəri də gəlib. O, sakinlərə evlə təmin olunana qədər yaşadıqları yerdən çıxarılmayacaqları barədə söz verib. İnzibati cəza alan M.Əhmədovla bağlı məhkəmə ilə danışdığını qeyd edib. Həmin gün isə heç bir məhkəmə qərarı olmadan məcburi köçkün azadlığa buraxılıb.


Bakı merinin bu addımı ciddi müzakirələr doğurub. Bir icra başçısının müstəqil sayılan məhkəmə sisteminə bu qədər müdaxilə etməsi sərt qınaqlara tuş gəlib. Hansı şəraitdə həbs edilməsindən asılı olmayaraq, məhkəmə qərarını icra başçısının vəzifə statusundan istifadə edərək dəyişdirməsinin doğru olmadığı, ölkə qanunvericiliyinə zidd olduğu vurğulanır. Hətta H.Abutalıbovun bu addımına görə cəzalandırılması tələblərinə də rast gəlmək mümkündür.


Qeyd edək ki, zaman-zaman icra başçılarının səlahiyyətlərindən istifadə edərək, məhkəmə qərarlarına təsir etdikləri barədə fikirlərə çox rast gəlmişik. Xüsusilə rayonlarda onların təsir qüvvəsinin yüksək olması barədə fikirlər səsləndirilir, bir növ rayon məhkəmələrinin icra başçılarından asılı olduğu qeyd edilir. Görünən odur ki, artıq təsir qüvvəsi paytaxtda da sezilməyə başlayıb.

Ali Məhkəmənin keçmiş rəhbəri, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli hüquqi proseduralar olmadan qərarın ləğvinin mümkünsüz olduğunu bildirdi: “Açığı, söhbəti dəqiqliyi ilə bilmirəm. Onun nəyi ləğv etdirdiyini də dərinliyi ilə bilmirəm. Ümumiyyətlə, nəinki icra başçısının, hər hansı bir vəzifə sahibinin, orqanın dövlət adından elan edilmiş məhkəmə qərarını dəyişmək, təsir etmək hüququ yoxdur. Əgər təsir edərsə, konkret məsuliyyət daşıyır. Cinayət məsuliyyəti belə var. İstər telefon danışığı olsun, istərsə də vəzifə sahibləri hakimləri çağırıb tapşırıq versinlər, qanunla bunlar qətiyyən qadağandır. Məni tanıyanlar bilirlər ki, fəaliyyətimin əsasını məhkəmələrin müstəqil olmaları ilə bağlı gördüyüm işlər təşkil edir. Bu, həyatımın arzusu olub. Bununla bağlı mübarizəm də göz önündədir. İşlədiyim müddətdə bununla bağlı qanun qəbul etdirmişdim. Heç zaman hakimin qərarını dəyişmək olmaz. Əgər hansısa qərarı səhv sayılarsa, o zaman yuxarı instansiyalara müraciət etmək olar. O zaman yuxarı orqanlar da aşağı instansiyanın qərarını ədalətlə araşdırmalıdır, hansısa məmurun sözü ilə deyil. Hamının qanun qarşısında bərabərliyi olmalıdır. O zaman hər kəs dövlətə və qanunlara inanır. Açığı, bu istiqamətdə xüsusi bir qanunun qəbuluna ehtiyac görmürəm. Gərək o zaman hər bir yüksək vəzifə sahibi üçün qanun qəbul edilsin. Kimliyindən asılı olmayaraq, məhkəmə və hakimin qərarlarına hörmət olunmalıdır. Konstitusiyada maddə var ki, məhkəmələrin müstəqilliyinin təminatını Azərbaycanın dövlət başçısı həyata keçirir, qarantı sayılır. Qanunverici, icraedici və məhkəmə orqanlarının hər biri müstəqildir. Bunları Milli Məclisdəki çıxışlarımda dilimə gətirmişəm. Qanun şahdir, ona əməl etmək lazımdır. Kim buna qarşı çıxırsa, qanunlarımızı kölgə altına salır, ədaləti pozur, qərarlara şübhə yaradır”.

Hüquqşünas Əsabəli Mustafayev hesab edir ki, əgər qərar sifarişlə ləğv olunubsa, bu, birbaşa məhkəmələrin müstəqil olmamasını göstərir: “Bu, məhkəmənin icraedici strukturdan asılı olduğunu göstərir. Bildiyimiz kimi, icra başçıları prezident tərəfindən təyin edilir, məhkəmə sistemində isə belə deyil. Məhz dövlət başçısı tərəfindən təyin olunduqlarına görə icra başçıları düşünürlər ki, onlar məhkəmə qərarı verənlərdən daha üstün pillədədirlər. Təəssüflər olsun ki, qərarı verənlər də bu cür düşündüklərindən tapşırıqları icra edirlər. Praktikada bu hallar geniş yayılıb. Xüsusilə rayonlarda icra başçılarının prokurora, hakimlərə tapşırıqlar verdikləri barədə çox xəbərlərə rast gəlmişik. Son hadisə isə bunun daha bir təsdiqidir. Bəzən qüvvədə olan qərarın icra başçısının təsiri ilə icra olunmadığı hallarına da rast gəlmişik. Əslində bunlar vəzifədən sui-istifadədir. Qanuna görə, korrupsiyanın bir növüdür. Vəzifəsindən istifadə edərək, bu cür yollara əl atırlar. İndiyə qədər bu hallara görə məsuliyyətə cəlb edilən görməmişik. Bir-iki belə hal olsaydı, təsiri olardı. Amma çox təəssüflər olsun ki, belə addımlar atılmır. Bu baxımdan, gələcəkdə də bu cür halların olacağını indidən düşünmək olar”.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.