Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Tərtərdə müşavirə keçirmişdir
8-07-2015, 11:58
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Tərtərdə müşavirə keçirmişdir
İyulun 7-də Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Gənclər Mərkəzində “Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonlarda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiya edilməsi məsələləri. Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə təhlükəsizlik qaydaları. Su hövzələrində insanların təhlükəsizliyinin təmin edlməsi” mövzusunda müşavirə keçirmişdir.
Müşavirədə Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvləri - rayon Polis Şöbəsinin, GEM-nin, rayon Mərkəzi Xəstəxanasının, TTYS-nın, rayon Təhsil Şöbəsinin, “Azəriqaz” İstehsalat Birliyinin, rayon Elektrik Şəbəkə İdarəsinin nümayəndələri, bələdiyyə və ərazi icra nümayəndəliklərinin əməkdaşları iştirak etmişlər.
Fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, problemlər və onların həlli yollarının müzakirəsi, əhalinin mülki müdafiə sahəsində maarifləndirilməsi işləri, mövsümlə əlaqədar baş verəcək hadisələrin profilaktikası məqsədilə keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, FHK-nın sədri Ramiz Şabanov fövqəladə hallarla mübarizə prosesində birgə fəaliyyətin fövqəladə hadisələrin qarşısının alınmasında, xüsusən də nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində müstəsna əhəmiyyətini vurğulamışdır.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları nazirliyinin yaradılması zərurəti, Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlar vermiş, “Regional mərkəzin inzibati ərazisində əhalinin mülki müdafiə məsələlərinin təşkili” , “Su hövzələrində insanların təhlükəsizliyinin təşkil edilməsi”, “Hansı hallarda 112 Çağrı Mərkəzinə müraciət etməli?” mövzularında çıxışlar etmişlər.
Müşavirədə mövcud problemlərin aradan qaldırılması, gələcəkdə baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşacağı fəlakət riskinin qarşısının alınması istiqamətində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələsinin vacibliyi qeyd edilmişdir.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilmişdir.