Hüquq müdafiəçisi Yunis Səfərovla görüşmək istəyir

10-07-2018, 10:01           
Hüquq müdafiəçisi Yunis Səfərovla görüşmək istəyir


Mirvari Qəhrəmanlı: “Vəkilinin ”qarpız yeyib, çay içdik" açıqlaması gülünc idi"
Artıq bir həftədir ki, ölkə gündəmini Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsi olayı zəbt edib. Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının iddialarına görə, icra başçısı və onun mühafizəçisinə oldu silahdan atəş açılması sıradan bir kriminal olay və yaxud qisasçılıq zəminində baş verən hadisə deyil, planlaşdırılmış terror aktıdır.

Maraqlıdır, bəs hüquq müdafiəçiləri terrorçu elan edilən Yunis Səfərovu müdafiə edərlərmi?

Qeyd edək ki, hadisədən bir gün sonra Yunis Səfərovun ağır şəkildə döyüldüyünü əks etdirən fotoları yayıldı. Rəsmi qurumlar həmin fotonun Y.Səfərova aid olduğunu təkzib etmədi. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri bu məsələ ilə bağlı Yunis Səfərovla görüşüb, açıqlama yaydılar ki, o, saxlanma şəraiti və ona qarşı rəftardan şikayətçi deyil: “Yunis Səfərova qarşı hər hansı qeyri-insani rəftara və işgəncəyə yol verilməyib. O, saxlanmadan heç bir şikayət etmədi və işgəncəyə məruz qalmadığını bildirdi. Bildiyiniz kimi, Yunis Səfərov hadisəni törətdikdən sonra əlində silah qaçmağa cəhd edib və onu tutmaq istəyən polis əməkdaşlarına müqavimət göstərib. Bu zaman polis Yunis Səfərovu tərk-silah etmək istəyərkən ona qanunvericilik çərçivəsində güc tətbiq etmək məcburiyyətində qalıb”.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Mirvarı Qəhrəmanlı “Yeni Müsavat”a danışıb: “İndidən Yunis Səfərovu terrorçu adlandırmaq doğru deyil. Çünki hələ sübut olunmayıb ki, bu adam niyə icra başçısına güllə atıb? Hansı səbəbdən? Bildiyiniz kimi, rəsmi orqanlar hadisədən sonra doğru-dürüst informasiya vermədi. Hərəsi məsələyə bir don geyindirdi. Beləliklə, Yunisi terrorçu adlandırmaq hələ tezdir. Yunis kimdir? Bu məsələ məhkəmə prosesində müəyyənləşəcək. O, cinayət edib, adam vurub. Lakin nədən, niyə vurub, bu araşdırılmalıdır. Hüquq müdafiəçisi kimi çox məmnuniyyətlə ona baş çəkərdim. Ona görə ki, vəkilinin ”qarpız yeyib, çay içdik" açıqlaması çox gülünc idi.


İnsan cinayət törədərsə, hüquq qarşısında cavab verməlidir. Lakin bu proses elə aparılmalıdır ki, şəxsin hüquqları pozulmasın. Elmar Vəliyev o qədər insanın hüququnu pozub ki... Lakin bu, heç kimə əsas, ixtiyar vermir ki, özü məhkəmə qursun".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd etdi ki, məsələ tam araşdırılmadığından müdafiə haqqında dəqiq bir söz deyə bilmir: “İlkin versiya kimi bildiriləndə ki, bu hadisə kriminal olayıdır, bu versiyada da saxlanmalı idi. Bu gün onu sünni-şiə məzhəbçiliyi ilə qatıb-qarışdırır, terrorçu adlandırırlar. Bu cür versiyalar heç kəsə lazım deyildi. Hamı bilir ki, bu, kriminal məsələdir.

Lakin biz dəqiq hələ ki heç nə bilmirik. Yunis Səfərovun döyülmə şəkillərini gördükdə hüquq müdafiəçiləri kimi bu məsələni qaldırdıq. Əgər bu adam cinayət törədibsə, qanun qarşısında cavab verməli, cəzalandırılmalıdır. Lakin onu döyüb, o günə salmaq qanunsuzdur. Beləliklə, onun döyülüb, şəkillərinin hansı məqsədlə yayılması hələ ki qaranlıq məsələ olaraq qalır. Yunis Səfərovu bu cür döyməyə heç kimin ixtiyarı yoxdur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.