Daxili işlər naziri Ramil Usubova müraciət edən ananın şikayəti həll edildi

6-08-2018, 21:44           
Daxili işlər naziri Ramil Usubova müraciət edən ananın şikayəti həll edildi
Ötən saylarımızda “Polis serjantı DİN-in 102 “qaynar xətti”nə zəng edərək rəisindən şikayət etdi- SENSASİYA” başlıqlı yazı dərc etmişdik. Məqalədə bildirilirdi ki, Xaçmaz XPŞ-nin Yalama XPB-nin polis əməkdaşının anası daxili işlər naziri Ramil Usubova müraciət edərək Xaçmaz stansiyası XPŞ-nin rəisi Həmid Həmidovun oğluna qarşı müxtəlif yollarla təzyiq göstərdiyini, ləkələyərək işdən çıxarmağa cəhd etdiyini bildirib.



Araşdırmalarımız zamanı məlum oldu ki, Abdullayev soyadlı polis serjantına əvvəllər bir neçə töhmət də verilibmiş. Xaçmaz XPŞ-dəki adının açıqlanmasını istəməyən polis zabitindən aldığımız informasiyaya əsasən, polis serjantının anası Baqidət Abdullayevanın daxili işlər nazirinə müraciətindən sonra nəqliyyatda baş polis idarəsi tərəfindən müvafiq araşdırmalar aparılıb. Nəticədə polis serjantına verilən töhmətlər əsassız sayılaraq ləğv edilib, günahkarlar cəzalandırılıb və o, müalicə üçün DİN-in hospitalına göndərilib. Məsələyə aydınlıq gətirmək üçün Abdullayev soyadlı polis serjantına telefon açsaq da suallarımıza cavab verməkdən imtina etdi. Onun anası Baqidət xanımisə yalnız bunları dedi: “Məktubda yazdıqlarım həqiqətdir, bu barədə danışmaq istəmirəm. Daxili işlər naziri cənab Ramil Usubova və nəqliyyatda baş polis idarəsinin rəisi Emin Şəkinskiyə dərin minnətdarlığımı bildirirəm. Onlar bir ana kimi məni anladılar. Oğlumun işi ədalətlə araşdırıldı. Xahiş edirəm ki, təşəkkürlərimi onlara çatdırasınız.”



Yazıya bəlkə də burada nöqtə qoymaq olardı. Lakin bir sıra suallar açıq qalır. Nəyə görə, Xaçmaz stansiyası XPş-nin rəisi Həmid Həmidov öz vəzifəsindən sui-istifadə edərək polis əməkdaşının sağlamlığına zərər vurub? Mənbəmizin bildirdiyinə görə, rəis heç də təkcə öz işi ilə məşğul olmur. Onun biznes şəbəkəsi var və bəzi tabeliyindəkiləri də bu işə cəlb edib. Kollektivdə işçilərin bir-birinə qarşı inamsızlığı, qeyri-sağlam mühit hökm sürür. Ümumiyyətlə, Həmid Həmidov barəsində şikayətlər çoxdur. Lakin bunları araşdırmaqda davam edirik. Polis rəisinin qeyri-qanuni əməlləri barəsində faktlar dəqiqləşdirildikdən sonra oxuculara çatdırılacaq.



“Şimal xəbərləri”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.