Xocalı qətliamının ildönümü ilə bağlı Qorqud partiyasının bəyanatı
24-02-2021, 22:29

İyirmi doqquz il əvvəl, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə qəsbkar Ermənistan ordusu Azərbaycanın Xocalı şəhərində etnik azərbaycanlılara qarşı soyqırım törətmişdir. Bu soyqırım təsadüfi münaqişənin nəticəsi yox, erməni faşistlərinin xalqımıza qarşı apardığı iki əsrlik siyasətinin nəticəsidir.
İki əsr bundan əvvəl ermənilər, Rus imperiyası tərəfindən müxtəlif ölkələrdən Azərbaycana köçürülməyə başlandı. Məhz o vaxtdan onlar, bizim əzəli torpaqlarımızda "Böyük Ermənistan" yaratmaq xülyası ilə xalqımıza qarşı soyqırım siyasətini yeritməyə başladılar. Ermənilərin bu məqsədyönlü siyasəti nəticəsində hələ 1905-1906-cı illərdə Bakıda və Azərbaycanın digər bölgələrində on minlərlə azərbaycanlı qətlə yetirilmişdi. Azərbaycanlılara qarşı bütün illərdə gizli aparılan bu siyasət
20 əsrin sonunda Xocalıda yenidən açıq soyqırıma çevrildi. Xocalı soyqırımında, qədim və orta əsrlərə xas vəhşiliklə körpə, qoca və qadınların qətli bütün dünyanın gözü qarşısında baş verdi. Bu soyqırım nəticəsində 613 Xocalı sakini, o cümlədən 100-dən artıq yaşlı və uşaq, 8 ailə amansızlıqla və qəddarcasına məhv edildi. Beynəlxalq hüquqda soyqırım - bəşəriyyət əleyhinə ən ağır beynəlxalq cinayət sayılır. Lakin dünya buna lazımi qiymət vermədi, susdu. Xocalı faciəsinin qurbanlarının qanı tək onu törətmiş ermənilərin deyil, onları müdafiə edən dövlətlərin də üzərindədir. Özünü sivil, qədim mədəni xalq kimi təqdim edən ermənilərin bu vəhşi siyasəti bu gün də erməni dövlətinin ideologiyasıdır. Azərbaycanlılara və türklərə qarşı olan nifrət ermənilərin beyninə körpə yaşlardan yeridilir və bu bütün erməniləri birləşdirən bir ideyaya çevrilmişdir.
Keçən il sentyabrın 27-dən başlanan 44 günlük 2-ci Qarabağ müharibəsində ermənilər məğlub oldu və kapitulyasiya aktı imzaladılar. Lakin buna baxmayaraq, onlar minalanmış ərazilərin xəritəsini vermədilər ki, bu da onların qatil xislətindən dönməmələrindən xəbər verir.
Xocalı soyqırımının ildönümü ərəfəsində Qorqud partiyası faciə qurbanlarının xatirəsini yad etməklə yanaşı, bütün dünya dövlətlərinə, əlaqədar təşkilatlara müraciət edərək, bu soyqırımı tanımağa və erməni vəhşiliyini qınamağa çağırır. Bütün dünya, gələcəkdə yenidən soyqırım hallarının baş verməməsi üçün Ermənistan siyasətini pisləməli, onların faşist ideologiyasına əsaslanan dövlət siyasətinin dəyişdirilməsi üçün təzyiq göstərməlidir. Nə qədər ki, beynəlxalq hüquq və dünya ictimaiyyəti, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməmişdir və bu cinayət bütün dünya tərəfindən soyqırım kimi tanınmamışdır, bu dünyada ədalətdən danışmaq mənasızdır.
Qorqud partiyasının sədri Firudin Kərimov