"Şəhid adına hörmətsizlik edənlər, Vətən xainidir, satqındır" -Şəhid anasının fəryadı
8-06-2016, 16:33
DİA.AZ bir şəhid ailəsnin fəryadını diqqətinizə təqdim edir:
Hörmətli Baş redaktor! Sizdən xahiş edirəm məmin ərizələrimin ünvanına çatdırılmasında köməyinizi əsirgəməyəsiniz. Bu, həm də məmur özbaşınalığının, kimlərinsə öz şəxsi mənafelərinə görə şəhid adına hörmətsizliyinin qarşısını almaqda sizin Şəhid Anasına yardımıznız olar.
Şəhid adına hörmətsizlik edənlər, Vətən xainidir, satqındır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: 1. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya
2. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənova
3. Ombudsman Elmira xanım Süleymanovaya
Bakı Şəhəri Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 41-də yaşayan
Şəhid anası Məmmədova Rüxsarə Əlihəsən qızı tərəfindən
Ərizə
Cənab Prezident! Diqqətinizə çatdırım ki, oğlum Rzayev Faiq Hüseynağa oğlu 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mərdliklə döyüşərək şəhid olub.
1994-cü ildə oğlumun təhsil aldığı Yasamal rayonundakı 150 nömrəli məktəb onun adına verildi və həmin məktəbin qarşısında oğlum Faiq Rzayevin büstü qoyuldu. Həmin büst bu gün də oradadır.
2015-ci il mart ayının 8-də Sizin-Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə oğlum “İgidliyə görə” medalı ilə təltif olunub. Mən fəxr edirəm və qürur hissi keçirirəm ki, oğlum Vətən yolunda canından keçib.
Cənab Prezident! 2015-ci ildə heç bir səbəb göstərilmədən Təhsil Nazirliyi şəhid oğlumun adını daşıyan 150 nömrəli tam orta məktəbi ləğv edərək, yerində Səbail rayonunda yerləşən 6 nömrəli liseyin filialını yaradıb. Bu gün şəhid oğlumun büstü formal olaraq həmin məktəbin qarşısındadır. Görəsən bununla kimi aldatmaq istəyirlər? Şəhidin adını daşıyan məktəbi ləğv edən dövlət məmuru bir gün onun büstünü də oradan götüzdürəcək.
Cənab Prezident! Azərbaycan müharibə şəraitində olduğu bir vaxtda şəhidə qarşı belə hörmətsizlik yetişən gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinıə necə təsir edəcək? Bu hörmətsizlikdən sonra kim Vətən yolunda canından keçməyə hazır olacaq? Şəhidə qarşı belə hörmətsizlikdən sonra hansı valideyn övladını sidqi-ürəklə döyüş bölgələrinə göndərəcək? Mən bunu Vətənə xəyanət, satqınçılıq hesab edirəm.
Mən şəhidə qarşı bu hörmətsizliyi şəhid adına, şəhid valideynlərinə təhqir hesab edirəm. Kimlərisə direktor təyin etməklə, kimlərinsə öz maddi-maraqlarını təmin etməklə şəhid adına ləkə gətirməsi və şəhid adını ləğv etməsi AZƏRBAYCANIN, xalqımızın, dövlətçiliyimizin, müstəqillyimizin, adına və MÖHTƏRƏM PREZİDENTİMİZİN siyasi xəttinə qara ləkədir.
Sizdən xahiş edirəm “İgidliyə görə” medalı ilə təltif olunmuş şəhid oğlum Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəbin bərpa olunmasına köməyinizi əsirgəməyəsiniz.
Hörmətlə, Şəhid anası Rüxsarə Məmmədova
Əlaqə telefonum: 070-261-21-50