Şura 2016-cı ilin 2-ci maliyyə müsabiqəsinin nəticələrini təsdiq edib
8-06-2016, 17:07
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
teref.az xəbər verir ki, şura sədri, millət vəkili Azay Quliyev gündəliyə Şuranın 2016-cı il 2-ci qrant müsabiqəsinin yekunları, Şuranın Apelyasiya Komissiyasının qərarlarının icrası, Şuranın 04 aprel 2016-cı il tarixli 10 (151) saylı iclasının qərarına müvafiq dəyişikliyin edilməsi barədə, Şuraya təqdim olunan müsabiqədənkənar layihələr barədə, Şuranın 2016-cı il 3-cü qrant müsabiqəsi elanı və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Şuranın 2016-cı il üzrə iş planının müzakirəsi məsələlərinin daxil edilməsini təklif edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəliyin 1-ci məsələsi ilə əlaqədar bildirdi ki, 5 aprel 2016-cı ildə elan olunan və 14 mövzunu əhatə edən 2-ci qrant müsabiqəsinə QHT-lər tərəfindən 295 layihə təklifi daxil oldub. Onlardan 21-i təşkilatın qanuni təmsilçisinin səlahiyyət müddətinin bitməsi, layihə təkliflərinə tələb olunan sənədlərin edilməməsi və digər bu kimi çatışmazlıqlara görə seleksiyadan keçməyib. 274 layihə isə Şura tərəfindən ekspertizaya təqdim edilib. Hər bir layihənin 3 müxtəlif ekspert tərəfindən qiymətləndirildiyini qeyd edən icraçı direktor 123 layihənin keçid balı topladığı üçün maliyələşdirilməsini təklif edib.
F.Qurbanov 2016-cı il 1-ci qrant müsabiqəsində qalib gələn 3 QHT-nin müraciətlərini və müqavilə öhdəliklərini icra edə bilmədiklərini nəzərə alaraq, onların layihələrinin maliyələşdirilməsi haqqında Şuranın qəbul etdiyi qərarın ləğv edilməsi barədə məsələ qaldırıb.
Katibliyin icraçı direktoru 2016-cı il 1-ci qrant müsabiqəsinin nəticələrindən narazı olan və Apellyasiya Komissiyasına müraciət edən QHT-lərdən 8-nin layihəsini maliyələşdirilməsinə Komissiyanın müsbət rəy verdiyini deyib.
F.Qurbanov 2016-cı il 3-ci qrant müsabiqəsinin mövzuları haqqında ətraflı məlumat verərək məsələ ilə bağlı müsbət qərar qəbul olunacağı halda Şuranın cari ildə elan etdiyi hər 2 maliyyə müsabiqəsində layihələri keçid balı toplamayan QHT-lərə yeni bir imkan yaradılacağını bildirib.
Katibliyin icraçı direktoru F.Qurbanov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Şuranın 2016-cı il üzrə iş planı haqqında da geniş məlumat verib. F. Qurbanov sənəd üzərində işin davam etdirilməsinin zəruri olduğunu qeyd edib.
İclasda həmçinin Apellyasiya Komissiyasının (Emin Həsənli, Sahib Məmmədov, Nərgiz Xələf, Rauf Məcidbəyli, bir QHT və bir jurnalist) yeni tərkibi müəyyən edilib.
Şura üzvləri Şahin İsmayılov, Sahib Məmmədov, Vüsal Quliyev, Rufiz Qonaqov, Emin Həsənli, Əliməmməd Nuriyev və Nərgiz Xələf çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.
İclasın gündəliyində olan bütün məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.
Müsabiqənin nəticələri ilə Şuranın (www.cssn.gov.az; www.qhtxeber.az) saytlarında tanış ola bilərsiniz.