DSK üzvü prezidentə müraciət edib
8-06-2016, 18:10
24 saylı Nizami I Dairə Seçki Komissiyasının üzvü, Naxçıvan MR Ali Məclisinin sabiq deputatı Telman Siyabov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
APA-nın məlumatına görə, T. Siyabov müraciətində bildirib ki, oğlu Siyabov Orxan 1 noyabr 2013-cü il tarixdən 28 iyul 2014-cü il tarixinədək “Nataxtari” limonadlarının satışı ilə məşğul olan “EVE-S” MMC-də satış təmsilçisi vəzifəsində işləyib.
"İşlədiyi müddətdə heç vaxt işdən yayınmayıb. Yalnız 24 iyul 2014-cü il tarixdə xəstələnərək bir neçə gün işə getməyib. Həmin vaxt MMC-nin bölgə müdiri işləyən Səlim Salehov bundan istifadə edərək, 26 iyul tarixdə heç bir akt tərtib etmədən maşının qapısını təmir sexində kəsici alətlə sındırıb, oğluma məxsus malları satış obyektlərinə paylayıb. Həmin avtomobilin sürücüsü də bu faktı təsdiq edir. Həmin vaxt maşında 4000 manat dəyərində mal olduğu halda, sonradan tərtib olunan saxta aktla malların dəyəri 1020 manat göstərilib. Halbuki 24 iyul 2014-cü il tarixdə, saat 18:15-də oğlum Siyabov Orxan anbardan 1800 manat dəyərində mal götürüb, maşına yükləyərək anbarın həyətində saxlayıb. Daha öncə qeyd etdiyim kimi, xəstə olduğu üçün 2 gün ərzində işə çıxmayıb", - deyə T. Siyabov qeyd edib.
O, müraciətində yazır ki, oğlunu 28 iyul 2014-cü il tarixdə işdən azad etdikdən sonra MMC rəhbərliyi dəyəri 15 500 manat olan 9 saxta qaimə-faktura tərtib edərək, cinayət işinin açılması üçün sənədləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib: "Oğlum işdən çıxarkən 200-dən artıq ticarət obyektində olan, 7000 manat dəyərində malları MMC-yə təhvil verib. Ancaq MMC-nin satış müdiri Hüseyn Rzayev və Səlim Salehov həmin aktın əvəzinə 1800 manat məbləğində saxta təhvil-təslim aktı tərtib edərək Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə göndəriblər.
Həmin 15500 manatlıq qaimə-fakturaların saxtalaşdırıldığını ekspertlər də təsdiq ediblər. Bundan əlavə, 1800 manatlıq akta oğlumun əvəzinə başqa şəxsin qol çəkməsi də ekspertlər tərəfindən təsdiqlənib. Bütün bu saxtakarlıqlara baxmayaraq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Ziyafət Quliyev cinayət işi açaraq oğlumu Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilib və işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib".
Müraciətdə qeyd olunur ki, 1 ilə yaxındır, məhkəmə prosesi davam edir: "Qeyd edim ki, məhkəmə saxta sənədləri Məhkəmə İqtisadi və Xəttşünaslıq ekspertizasına göndərib, orada da həmin sənədlərin saxta olunması təsdiqini tapıb. Nəticədə, oğlumun şirkətə olan borcu sıfıra yaxınlaşıb. Bununla da prosesin gedişində məlum oldu ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Ziyafət Quliyev “EVE-S” MMC şirkətinin rəhbərliyi ilə əlbir olaraq oğlum Siyabov Orxanın üzərinə saxta cinayət işi açıb.
Buna baxmayaraq, dövlət ittihamçısı Rail İsmayılov 1 iyun 2016-ci il tarixdə öz həmkarı Ziyafət Quliyevin saxtakarlıqlarını gizlətməkdən ötrü məhkəmədən oğluma 9 il həbs cəzası verilməsini tələb edir. O, ekspertizaların verdiyi rəylərin heç birinə məhəl qoymadan belə saxtakarlığa əl atıb".
T. Siyabov baş prokuror Zakir Qaralovun qəbuluna düşə bilmədiyini də qeyd edib: "Sizin göstərişinizə əsasən məmurlar yerlərdə görüşlər keçirir, əhalinin şikayətlərini dinləyirlər. Amma mən Bakı şəhərində 1 ilə yaxındır, dəfələrlə müraciət etməyimə baxmayaraq, Baş Prokuror Zakir Qaralovun qəbuluna düşə bilmirəm. Məni yalnız idarə rəisləri qəbul edirlər. Onlar da məhkəməyə təzyiq göstərərək, baş verənlərdə heç bir günahı olmayan oğluma ən ağır cəza verilməsinə çalışırlar".
T. Siyabov dövlət başçısından baş vermiş haqsızlığın aradan qaldırılmasına köməklik göstərməsini xahiş edib.