Azərbaycanda analoqu olmayan cinayət: ərini başqa qadınla tutdu, videoya çəkdi — ŞANTAJ
9-06-2016, 09:45
Dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü Allahyar Əliyev və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmayə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Allahyar Əliyev Bakı şəhər sakini Mətanət Əhmədova (ad və soyad şərti verilib – H.Z) ilə tanış olub və onun etibarından sui-istifadə etməklə pulunu ələ keçirib. O, Mətanətə birgə təsərrüfat yaratmağı təklif edib və 8 aprel 2013-cü ildə Ağcabədi rayonunun Haramı düzündə onun üçün iribuynuzlu heyvan acağını vəd edib. Allahyar Əliyev bunu bəhanə edərək, Mətanət Əhmədovadan 2000 manat pul alıb. O, bundan sonra daha bir neçə dəfə qadından pul alıb. Allahyar Əhmədov ümumilikdə qadının 6650 manat pulunu ələ keçirib.
Ər-arvadın cinayət planı
Bundan başqa, Allahyar Əliyev həyat yoldaşı Səmayə Əliyeva ilə birlikdə də cinayət törədib. Hadisə belə baş verib. Allahyar Əliyev 7 aprel 2015-ci ildə, saat 24 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki evində Mətanət ilə cinsi əlaqədə olub. Allahyarla Mətanətin cinsi əlaqədə olmasını Səmayə Əliyeva mobil telefon vasitəsilə lentə alıb. Allahyar həmin videonu mobil telefonlarda, sosial şəbəkələrdə yerləşdirərək Mətanəti rüsvay edəcəyini, arvadı Səmayə Əliyevanın ondan boşanmaq üçün məhkəməyə müraciət edən zaman Mətanətin adını çəkəcəyini deyib və hədə -qorxu gəlib. Bütün bunları etməmək üçün Allahyar Əliyev Mətanətdən 5000 manat pul tələb edib. Allahyar Əliyev 14 may 2015-ci ildə saat 19 radələrində həmin məbləğin bir hissəsini Mətanət Əhmədovadan alarkən Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Allahyar Əliyev Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək), 182.2.1 və 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə Səmayə Əliyeva isə həmin məcəllənin 182.2.1 və 182.2.4-cü maddələri ilə ittiham ediliblər. Ər-arvada cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Allahyar Əliyev 8 il, Səmayə Əliyeva isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Səmayə Əliyevanın barəsində olan hökmün icrası 26 iyun 2023-cü ilə kimi təxirə salınıb. Onun cəzasının təxirə salınmasına səbəb himayəsində azyaşlı uşağın olması, həmin uşağa heç kimin baxa bilməməsidir.
Qeyd edək ki, cinayət işi üzrə adı şərti verilən qadının paytaxtda və bölgələrdə bizneslə məşğul olduğu bildirilir. teref.az xəbər verir ki, Teleqraf.com-a bu cinayət işi üzrə materiallar daxil olub. Hadisənin şok təfərrüatlarını təqdim edirik.
“Mətanəti evimə dəvət etdim”
Cinayət işi üzrə ifadə verən Allahyar Əliyev bildirib ki, fərdi əməklə məşğul olmaqla himayəsində arvadı və 3 azyaşlı uşaqları ilə birgə Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayıb: “Mətanəti 2011-ci ildən qardaşım Habilin vasitəsi ilə tanımışam. Mətanət qardaşım Habillə bir neçə dəfə bizə qonaq gəlib. Qardaşım Habil Rusiyaya getdikdən sonra Mətanətlə əlaqəm kəsilib. Bir müddət sonra Mətanət mobil telefonuma zəng etdi və Habili soruşdu. Sonra Mətanət mənimlə hal-əhval tutaraq bizə qonaq gəlmək istədiyini bildirdi. Mətanəti evimə dəvət etdim. Həmin vaxtdan evimə gəlib-getməyə başladı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin aprel ayında Mətanət onun evinə qonaq gəlib və ona 2000 manat verib: “Mətanət məndən onun üçün inək alıb saxlamağı xahiş etdi. Bir baş yanı balalı heyvan alaraq bu barədə Mətanətə məlumat verdim. Lakin bir müddətdən sonra heyvanlara xəstəlik düşdüyündən Mətanətə aldığım heyvanlar xəstəlikdən öldü. Bu barədə Mətanətə məlumat versəm də, o, işi olduğu üçün gələ bilməyəcəyini bildirdi. Bunra baxmayaraq Mətanətlə mütəmadi olaraq telefon əlaqəsi saxlamışam”.
“Mənimlə cinsi əlaqədə olmağı təklif etdi”
Allahyar Əliyevin sözlərinə görə, bir müddətdən sonra Mətanət onlara qonaq gəlib: “Söhbət zamanı Mətanətə yonca əkmək istədiyimi və bunun üçün pul lazım olduğunu bildirdim. Mətanət birlikdə şərikinə taxıl əkməyi təklif etdi. Mən də onun təklifi ilə razılaşdım. Mətanət Bakıya qayıtdıqdan sonra Əmrah adlı taksi sürücüsü ilə 1100 manat göndərdi”. Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 7-də Mətanət yenidən onlara qonaq gəlib və gecəni onlarda qalacağını bildirib: “Biz axşam yeməyini birlikdə yedik. Saat 22 radələrində arvadım Səmayə və uşaqlarım yatmağa getdi. Mətanətlə birlikdə televizora baxdıq. Saat təxminən 24 rədələrində Mətanətin özünün təklifi ilə onunla cinsi əlaqədə olan zaman həyat yoldaşım Səmayə həmin otağa gəldi”.
“5 min manat təklif etdi”
Allahyar Əliyevin sözlərinə görə, həyat yoldaşı Səmayə həmin vaxt Mətanətlə cinsi əlaqədə olduğunu görüb və onlardan polisə şikayət edəcəyini bildirib: “Səhəri gün Mətanət öz evinə gedərkən ondan şikayət etməməsi üçün Səmayəyə 5000 manat təklif etdi. Lakin Səmayəyə bu barədə heç nə demədim. Səhəri gün Mətanət telefonuma zəng edərək Səmayə ilə danışdı. Mətanət mənə etdiyi təklifi Səmayəyə də etdi və bizə gələcəyini bildirdi”.
“Polis olduğunu bildiyi üçün maşını saxladı”
Təqsirləndirilən şəxs bildirib ki, mayın 14-də, saat 14 radələrində Mətanət ona zəng edərək Ağcabədi rayonuna gəldiyini və onunla görüşmək istədiyini bildirib: “Bəhruz Ərəbovun maşını ilə Mətanətlə görüşməyə getdim. Mətanətlə görüşən zaman iki nəfər mülki paltarda olan şəxsin bizə tərəf qaçdıqlarını gördüm. Bu səbəbdən Bəhruzun avtomobilinə minərək getdim. Arxamızca gələn şəxslərin polis olduğunu bildiyi üçün Bəhruz maşını saxladı. Bu zaman maşından düşərək qaçdım və həmin ərazidən uzaqlaşdım. Az sonra Ağcabədi rayon polis şöbəsinin əməkdaşı Rauf Məmmədov zəng etdi. Rauf Məmmədov polis şöbəsinə gəlməyimin vacib olduğunu bildirdi. Qohumum Xudaverdi Məmmədovun maşını ilə polis şöbəsinə gəldim və Rauf Məmmədovla görüşdüm. Raufun yanına gələrkən Mətanətin taxıl əkmək üçün mənə verdiyi 1100 manatı maşının oturacağının yanında qoydum. Rauf Məmmədov Mətanətin verdiyi pulu məndən istədi. Mənim sifarişimlə Xudaverdi maşından həmin pulu gətirdi və Rauf Məmmədova verdi. Mətanətdən bir neçə dəfə borc pul istəmişəm. Mətanət bir neçə dəfə poçt vasitəsi ilə mənə pul göndərib. Mətanətdən aldığım borc pulları sonradan geri qaytarmışam”.