Bakıda 8-ci sinif şagirdi özünü asdı - "Səbinənin məktəblə bağlı heç bir problemi olmayıb"

9-06-2016, 17:24           
Bakıda 8-ci sinif şagirdi özünü asdı - "Səbinənin məktəblə bağlı heç bir problemi olmayıb"
Bakının Pirallahı rayonunda yaşayan 14 yaşlı Səbinə Əhmədlinin intiharının bəzi detalları məlum olub. Onun təhsil aldığı 235 saylı məktəbin direktoru Tahir Süleymanov ANS PRESS-ə açıqlamasında bildirib ki, Səbinə Əhmədli rus bölməsində təhsil alırdı:

"Bütün məktəb onun tərbiyəli və istedadlı şagird olduğundan danışırdı. Özüm şəxsən bu hadisədən sonra araşdırmalar apardım və Səbinənin məktəblə bağlı heç bir probleminin olmadığını müəyyən etdim. Bütün müəllimləri onun xətrini çox istəyirdi. Ötən gün də məktəbdə heç bir problemi olmayıb və dərsdən də problemsiz ayrılıb".

Səbinə Əhmədlinin sinif rəhbəri Zeynəb Yusifova da açıqlamasında bildirib ki, şagirdi dərslərini yaxşı oxuyub və cəmi iki dördü olub. "Qalan fənləri çox yaxşı oxuyurdu. Səbinənin sinif yoldaşları ilə heç bir problemi olmayıb. Müəllimləri də həmişə onun xətrini istəyiblər. Səbinə Əhmədli ailənin 4 uşağından biri idi. Onun bir bacısı da bizim məktəbdə təhsil alır. Bildiyimə görə, Səbinənin atası ilə anası ayrılıblar. Atası Rusiyada yaşayır. Səbinəgil isə atalığı ilə birlikdə qalırlar".

Səbinə Azər qızı Əhmədlinin 10 gündən sonra 14 yaşı tamam olacaqdı. Səbinənin anası ikinci dəfə ailə həyatı qurub və bu evlilikdən onun 3 bacı-qardaşı var.

Saat 11:20

Bakıda orta məktəb şagirdi intihar edib. Hadisə Pirallahı rayonu ərazisində baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Gürgən qəsəbəsi İlqar Məcidov küçəsi, ev 20 ünvanında yaşayan 2002-ci il təvəllüdlü Səbinə Azər qızı Əhmədli özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. Onun asılı meyitini ailə üzvləri aşkarlayıblar.

14 yaşlı qızın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Məlumata görə, S. Əhmədli 235 saylı orta məktəbin 8-ci sinif şagirdidir.

Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Ölkə ərazisində sonuncu özünüasma faktı 3 gün əvvəl İmişlidə baş verib. Rayonun Boşçalılar kənd sakini 1996-cı il təvəllüdlü Daşdəmir Sahib oğlu Əhmədzadə özünü həyətyanı sahələrindəki yardımçı tikilidən asıb.

Kənd bələdiyyəsindən bildirmişdilər ki, 21 yaşlı gənc son bir aya qədər paytaxtda işləyirdi. Ancaq bir ay idi ki, rayona qayıtmışdı və işsiz imiş.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.