ABŞ gəmisi Aya enə bilmədi: "Peregrine" Yerə yönəldildi, məhv ediləcək
19-01-2024, 16:28
NASA-nın “Astrobotic” şirkəti ilə həyata keçirdiyi CLPS proqramı çərçivəsində Aya eniş üçün göndərilən "Peregrine" hədəfə çata bilməyib.
Proqram çərçivəsində göndərilən kosmik gəmi uğursuz olduğu üçün yenidən yer atmosferinə yönəldilib.
Şirkətin mühəndisləri kosmik gəmidəki texniki nasazlıq nəticəsində oksidləşdirici maddənin itirilməsi səbəbindən Ayın səthinə təhlükəsiz enişə cəhd edilməyəcəyini bəyan ediblər.
Səlahiyyətlilər “Peregrine”-nin kosmosda məqsədsiz şəkildə dolaşıb toqquşma riski yaratmaması üçün planlı şəkildə məhv edilməsinə qərar veriblər. Gəminin yerdən təxminən 223 min kilometr uzaqlıqda olduğu bildirilib.
Əgər Ay səthinə uğurlu eniş olsaydı, bu, son 50 ildə bunu edən ilk özəl müəssisə olardı.
Qeyd edək ki, NASA-nın robotların köməyi ilə Ayın tədqiqi üçün də əhatəli planları var. 2024-cü ildə NASA "CLPS Proqramı" çərçivəsində Aya nəqliyyat vasitələri göndərəcək. Bu proqramın əsas məqsədlərindən biri də Aydakı resurslardan yanacaq kimi istifadə imkanlarını araşdırmaqdır.