Qardaşı tərəfindən güllələndiyini dedi, yalan çıxdı - HƏBS OLUNDU
27-01-2024, 07:38
Daxili İşlər Nazirliyinin (DİN) 102 qaynar xətt nömrəsinə zəng edərək qardaşı tərəfindən güllələndiyini deyən şəxs həbs edilib.
“Qaynarinfo”nun məlumatına görə, Samux rayonu, Aşağı Ağasıbəyli kənd sakini Cavad Həsrətov (ad-soyad şərti) içki içərək, DİN-nin “102” qaynar xətt nömrəsinə zəng edib və qardaşı tərəfindən vurulduğunu bildirib.
Sözügedən ünvana polislər cəlb ediliblər və belə bir halın olmadığı müəyyənləşib. Həmçinin Cavadın sərxoş olduğu müəyyən olunub. Polis əməkdaşları tərəfindən izahatı alınması üçün polis şöbəsinə dəvət edilib. Lakin Cavad polis şöbəsinin qarşısında, ictimai yerdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol verib, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 gün müddətində inzibati həbs edilib.