11 yaşlı qızın hicabı başından sürüşdüyünə görə direktor onu döyüb

30-01-2024, 16:06           
11 yaşlı qızın hicabı başından sürüşdüyünə görə direktor onu döyüb
İranda ibtidai məktəb direktoru 11 yaşlı qızı hicabı başından sürüşdüyünə görə döyüb. Yerli media bu insidentin qızın idman zalında kömək etdiyi vaxt yaşandığını yazır.

"Qızım sinifdə idman formasını yığırmış, bu zaman baş örtüyü başından sürüşüb", - Tehranda çıxan "Etemad" qəzeti yanvarın 28-də qızın anasına istinadla yazıb. Məktəblinin adı açıqlanmır.

"Direktor buna zorakılıqla reaksiya verib, qızımı boynundan vurub", - qadın əlavə edib.

Ana bu zorakılığın övladında panik ataklara, ağır təşvişə səbəb olduğunu, bir neçə həftə məktəbə getmədiyini, özünün isə polisə şikayət etdiyini deyib.

İran tibbi ekspertizası uşağın üzərində fiziki xəsarət izlərinin olduğunu təsdiqləyib, kompensasiya ödəməyin, emosional travmaya görə psixoloji müalicənin gərəkdiyini bildirib.

Hicab etirazları
İranda hicab 1981-ci ildə, islam inqilabından iki il sonra 9 yaşından yuxarı qızlar və qadınlar üçün məcburi sayılıb. Bu addım etirazlara səbəb olsa da, hakimiyyət onları dərhal yatırdıb.

Qadınlar illərlə bu qaydalardan kənar çıxıblar. 2022-ci ilin sentyabrında başlanan etirazlarda isə İranda özəlliklə qız məktəbləri hicaba görə itaətsizliklə çalxalanıb. O zaman Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanandan sonra vəfat edib, bu hadisə ölkəboyu etirazlara səbəb olub.

Hakimiyyət tələbə şəhərciklərinə amansız hücuma keçib, nümayişləri dəstəkləyən müəllimlər ya işdən çıxarılıb, ya da həbsə atılıb.

İğtişaşlar zamanı 71-i azyaşlı olmaqla azı 500 nəfərin öldürüldüyü bildirilir.

Minlərlə etirazçı saxlanılıb, onlara ən ağır cəzalar, o cümlədən ölüm hökmü çıxarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.