Azərbaycanda 12 yaşlı uşaq və dostları 3 mağazanı yarıb - VİDEO
10-08-2016, 18:36
Abşeronda 1 gecədə 3 mağaza qarət edilib. Dəhşətli məqamlardan biri isə hər üç cinayəti yeniyetmələrin törətməsidir.
Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən mağazaların sahibləri səhər saatlarında işə gələndə xoşagəlməz sürprizlə rastlaşıblar. Belə ki, yaşayış binasının qarşısında olan obyektlər naməlum şəxslər tərəfindən qarət olunub. Zərərçəkənlərdən birinin sözlərinə görə, oğrular bahalı siqaret və 600 manat nağd pul aparıblar.
Sözügedən ərazidə yerləşən tərəvəz mağazasının sahibi Kamil Şirinov deyir ki, oğrular mağazanın dəmir barmaqlarında olan qıfılı qıraraq içəri daxil olublar: "Hadisə gecə saat 4-də baş verib. Qonşunun obyektinin kamerası çəkib. Cavan uşaqlardır, 15-16 yaşında. Biri lap balacadır, təxminən 12-13 yaşı olar. Qəpikləri aparıblar, elə çox ziyan vurmayıblar bizə"
Yeniyetmələr bununla da kifayətlənməyərək, yaxınlıqdakı uşaq aləmi mağazasını da qarət ediblər.
Hadisəni törədən şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir. (Region TV)