26 yaşlı gənc günlərdir nazirlik önündə aclıq aksiyası keçirir - FOTOLAR, VİDEO

14-09-2016, 10:15           
26 yaşlı gənc günlərdir nazirlik önündə aclıq aksiyası keçirir - FOTOLAR, VİDEO
"Bu, mənim üçün ölüm orucudur. Ölənə qədər davam edəcəyəm"

Aqşin Mustafayev adlı 26 yaşlı gənc, artıq 1 həftədən çoxdur ki, aclıq aksiyasına başlayıb. O, hər gün səhər 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığındakı parka gəlir və axşam saat 19:00-a qədər orada əyləşir.

Gün ərzində sadəcə su, şəkər və bəzi B vitaminlərini qəbul edən gənc, bu şəkildə etirazını bildirir.

Musavat.com-a danışan Aqşin Mustafayev aclıq elan etməsinin səbəbini belə açıqlayıb: "Binəqədi Rayon Məşğulluq Mərkəzindən işsizlik müavinəti ala bilmirəm. İşləyirdim, amma artıq işsizəm. "İşsizlik" statusu almaq üçün müraciət etdim. Məni iş tapmaq üçün bir neçə yerə göndərdilər. Orada da vakansiya olmadı. Beləliklə avtomatik işsiz sayılıram və qanuni haqqımı tələb edirəm.

Bütün sənədlərimi hazır edəndən sonra müxtəlif bəhanələr gətirməyə başladılar. Binəqədi Məşğulluq Mərkəzi əsaslandıra bilmədiyi "səbəblərdən" müavinəti vermək istəmir. Gah büdcədə pul olmadığını, gah da orta təhsilli vətəndaşlara müavinət verilmədiyini dedilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı müraciət də etmişəm. Nazirlik də şikayətimə baxmaq istəmədi. 1 aydan çox vaxt keçdi, amma cavab gəlmədi. Sonradan nazirliyə getdim. Dedilər, məktub itib, gəlməyib. Bezmədim, mübarizə apardım. Məlum oldu ki, müraciətim onlara çatıb, sadəcə yalan danışırlar.

Sonda mənə dedilər ki, özün görürsən də, alınmır, pulumuz yoxdur, get başına çarə qıl. Bu vəziyyət qarşısında ölüm orucuna (müddətsiz aclıq aksiyasına) başlamaq qərarı verdim. Nazirlik və məşğulluq mərkəzinin işçiləri süründürməçiliyi dayandırana qədər hər şey belə davam edəcək. Səhhətim əl verdiyi müddətcə hər gün səhərdən axşama qədər nazirliyin yaxınlığında, “Nizami” metrostansiyasının çıxışındakı parkda olacağam".

Qanun nə deyir?


«Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq işsiz statusu verilməsi qaydaları aşağıdakı kimidir:

İşi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon (şəhər) Məşğulluq Mərkəzlərində iş axtaran kimi qeydiyyata alınmış və iş axtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətinə münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir.

«Məşğulluq haqqında» Qanuna müvafiq olaraq aşağıdakı vətəndaşlara işsiz statusu verilə bilməz:

15 yaşına çatmayan vətəndaşlara;
pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlara;
iş axtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən şəhər (rayon) Məşğulluq Mərkəzlərinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlərə (vətəndaşa eyni iş təkrarən təklif edilə bilməz);
ilk dəfə iş axtaranlara;
azadlıqdan məhrum etmə cəzasını çəkənlərə;
məşğul şəxslərə, o cümlədən sahibkarlara, fərdi əmək fəaliyyəti ilə məşğul olanlara və mülkiyyətində torpaq payı olanlara.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, bayram günləri olduğu üçün bu istəyimiz baş tutmadı. Bu səbəbdən qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.