Döyüş itləri hücum etdi - Bir nəfər ağır yaralandı, mühafizəçi öldü
16-04-2025, 17:24
Rusiyada Perm şəhərində baş verən dəhşətli hadisədə döyüş itləri bir kişiyə hücum edərək onu ağır yaralayıb.
Bu barədə REN TV məlumat verib.
Hadisə yerli müəssisələrdən birinin yaxınlığında qeydə alınıb.
Mənbə bildirir ki, itlərin sahibi müsahibəyə gələrkən ev heyvanlarını ağız örtüyü olmadan hasara bağlayıb. Bir müddət sonra itlər qoparaq yaxınlıqdan keçən kişiyə hücum ediblər. Hadisə yerindən yayılan görüntülərdə zərərçəkənin yerə yıxıldığı, itlərin isə onun ətrafında olduğu görünür. Daha sonra ayağa qalxmağa çalışan kişini itlərdən biri qolundan yapışaraq sürüyüb. Nəticədə hər iki qolundan ağır xəsarətlər alan şəxs təcili olaraq xəstəxanaya çatdırılıb. "112" Telegram kanalı isə daha şok edici bir məlumat yayıb. Kanalın iddiasına görə, itləri yalnız yanğınsöndürən balonun köməyi ilə uzaqlaşdırmaq mümkün olub. Hücuma şahidlik edən mühafizəçinin isə ürək tutması keçirib və həyatını itirib.
Hadisə ilə bağlı itlərin sahibi saxlanılıb. Hazırda hüquq-mühafizə orqanları baş verənlərin bütün təfərrüatlarını araşdırır.