Generalın oğlunun vurduğu adam öldü

17-04-2015, 14:50           
Generalın oğlunun vurduğu adam öldü
Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin də iştirakçısı olduğu dava-dalaşda bıçaqlanan şəxs vəfat edib.

Dia.az Virtualaz.org saytına istinadən xəbər verir ki, həmin şəxs müalicə aldığı xəstəxanada keçinib. Ölən şəxsin kimliyi haqda məlumat verilmir.

Xatırladaq ki, 10-da Bakının “Senator” restoranında general-mayor Şərif Əsədullayevin oğlunun iştirakı ilə dava-dalaş baş vermişdi. Dava zamanı bir nəfər bıçaqlanmışdı. O, ağır vəziyyətdə paytaxtdakı xəstəxanaların birinə yerləşdirilmişdi. Yerli mətbuatda onun restoranın mühafizəçilərindən biri olması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, bu faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Polisdən gizlənməyə çalışan Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının oğludur.

Onu da yada salaq ki, “Senator”da baş verən hadisə T.Əsədullayevin ilk əməli deyil. Ötən ilin mayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüklərinə görə gündəmə gəlmişdi. Bakıda, “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən Post Patrul Xidməti polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər. Lakin generalın oğlu onlara tabe olmamış, polisləri söymüş və onları vuraraq hadisə yerindən uzaqlaşmışdı. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir etmişdi. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalmışdılar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa 27-ci polis bölməsinə aparmışdılar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.