Həbsdəki futbolçunun anası danışdı: - “Qızı hər qapı döyüləndə “ata” deyib qapıya qaçır, ağlayır”
23-10-2015, 12:48
“Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun anası Xalidə Hüseynova oğlu ilə bağlı növbəti açıqlama verib.
O, Modern.az saytına deyib ki, Cavidlə görüşə hər hansı qadağa yoxdur və oğluna tez-tez baş çəkir:
“Özüm də, qohumlar da Cavidə tez-tez baş çəkirik. Cavid saxlanma şəraitindən razıdır, bununla bağlı hər hansı şikayəti yoxdur”.
Xalidə xanım qeyd edib ki, sabiq kapitanın futbolçu yoldaşları da tez-tez əlaqə saxlayır, hal-əhval tuturlar.
“Oğlumun günahsız olduğuna əminəm”, - deyən anası Cavidə qovuşacağı günün uzaqda olmadığına inanır: “Oğlumun günahı yoxdur. Elə mən də istəyirəm ki, istintaq getsin və Allah, millət qarşısında oğlumun günahsızlığı sübut olunsun. Allah günahsızın yanındadır, bunu bilirəm”.
O, Cavidin bibisi oğlu Elşən və ailəsi ilə hər hansı təmasda olmadıqlarını vurğulayıb:
“Oğlum Şərif xaricdə oxuyur, qızım ailəlidir, özüm isə gəlinim və nəvələrimlə birlikdəyəm. Qohum olmağımıza baxmayaraq, Elşənin ailə üzvləri ilə (bir anası var) əlaqə saxlamıram. Heç əvvəldən də münasibətlərimiz olmayıb”.
Xalidə Hüseynova “Əgər doğrudan da Elşəngillə yaxın münasibətdə olmamısınızsa, jurnalist Rasim Əliyevin Cavidə ünvanlandığı sözlərə bibisi oğlu niyə reaksiya verib” sualını belə cavablandırıb:
“Necə bir ailə olduğumuzu, ailə üzvlərimin hansı zəhmət bahasına bu günlərə gəldiyini, bizi tanıyanlar yaxşı bilir. Bitirdikləri məktəbdə hələ də övladlarımı şagirdlərə misal çəkirlər.
Cavidin iki övladı və gəlinimlə bir yerdə yaşayırıq. Cavidin qızı 4 yaşına keçib, oğlu 1 yaş 6 aylıqdır. Qızı hər qapı döyüləndə “ata” deyib qapıya qaçır. Ağlayır, “ata mənimlə danışmır” deyə küsür.
Həyat yoldaşı evdar xanımdır, uşaqlarla məşğuldur. Cavidin günahsız olduğuna inanır. Hələ yeri gələndə yoldaşı da, mən də Cavidin çox ürəyiyumşaq olduğunu ona irad tuturduq”.
Anası hadisə baş verən günü belə xatırlayır:
“Hadisə olan günü həyətdə qurban kəsdik. Ətdən bişirdik, yedik, Cavid məşqə getdi. Evdə olanda sözləşdik ki, dəniz kənarına gedək. Bizə dedi ki, “taksi ilə gəlin, mən də məşqdən çıxıb sizi orda gözləyəcəyəm”. Görüşdük, daha sonra Cavid Qəbələyə getdi. Oğlumun hadisədən xəbəri olmayıb.
Ana olaraq ölən jurnalistə rəhmət diləyirəm, Allah ailəsinə səbir versin. Mən, əlbəttə, insan kimi, bir cəbrayıllı kimi mərhumun ailəsinə baş çəkərəm. Amma təqsirkar şəxs kimi yox. Çünki oğlum bir qarışqanı incitməyəcək qədər mülayim insandır.
Yoldaşım 1988-ci ildən cəbhəyə gedib, 1993-cü ildə şəhid olub. Həyatdə bir adamı incitməmişik. Adımı qorumuşam, övladlarımı yetişdirmişəm. Onların təhsilli olması üçün öz sənətimi atmışam. Özüm ibtidai sinif müəlliməsiyəm. Biz belə yaşamışıq. Övladlarıma atasızlığı hiss etdirməməyə çalışmışam, atalılardan yaxşı böyütmüşəm. Bizim evdə gedən söhbətlər də təhsil-tərbiyədən olub. Evimin divarı sökülüb-tökülüb, fikir verməmişəm, gələcəkdə dövlətə yararlı olsunlar deyə, uşaqların dərsi üçün çalışmışam. Həmişə qəmlənsəm də, demişəm, qoy desinlər ki, filankəsin övladlarıdır. İstintaqın getməsinə hiddətlənmirəm, dözürəm ki, qoy şəffaflıq yerini tapsın. Qoy hamıya aşkar olsun ki, bəzi jurnalistlər bəzəməklə deyil. Ədalət öz yerini tutacaq”.
Avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və onun 4 dostu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib. R. Əliyev avqustun 9-da xəstəxanada vəfat edib. Jurnalistin ölümünə görə, Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döylməsində iştirak edən digər 4 nəfər də həbs edilib.
Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı saxlanılan şəxslərin barələrində olan cinayət işi üzrə ibtidai istintaq artıq tamamlanıb.