Mais Mənsimovla Tuyqun Nadirov 60.000 dolları necə mənimsəyib? - İTTİHAM
11-11-2015, 20:26
"Xəzər Lənkəran"ın Azərbaycan klubları arasında legionerlərinin ən çox FIFA-ya şikayət elədiyi klub olduğu məlumdur. Klub hələ də cərimələri ödəməkdə, məhkəmə çəkişmələrindədir. Bu arada redaksiyamıza XL adına xoş olmayan daha bir məlumat daxil olub.
2006-cı ilin yayında "Xəzər Lənkəran"a transfer olunan Xorxe Diaz həmin ilin qışında klubu tərk edib, vətəni Kolumbiyaya gedir. İstirahət adıyla gedən futbolçu geri dönmür. Ancaq əldə etdiyi məbləğin 60.000 dollarını geri qaytarmağa razılaşır.
Bu pul o vaxt klubun direktoru vəzifəsində çalışmış, hazırda isə vitse-prezident postunda olan Tuyqun Nadirovun xaricdəki bank hesabına oturdulur.
Həmin ərəfələrdə klubun prezidenti postunu qardaşı Mais Mənsimova təhvil verən, özü isə fəxri prezident olan Mübariz Mənsimov bütün iş və səlahiyyətləri bu rəhbərliyə həvalə edir. Nadirovla kiçik Mənsimov Diazın geri qaytardığı 60 mini "Palmali"dən gizlədir.
Və zaman keçir, gizlədilən, mənimsənən bu pul Nadirovun əlində Mais Mənsimova qarşı bir vasitə olur.
Necə?
2008-ci ildə külli-miqdarda pul yeyintisi aşkarlandığına görə qovulan rəhbərlikdən ən tez Mais Mənsimov geri qaytarılır. Bizdə olan məlumata görə o, anasının təkidi ilə qovulandan cəmi 3 ay sonra klub prezidenti postuna geri qaytarılır. Bundan sonra Mübariz Mənsimov klub işlərinə qarışmamaq qərarı verir və bir növ, incik formada həm də klubdan imtina etmiş olur.
2008-ci ildə "Palmali" İstanbul ofisindən göndərilən Araz Nəsirov "Xəzər Lənkəran"ın vitse-prezidenti postunda həm də Mübariz Mənsimovun tapşırığı ilə gəlmişdi ki, problem olarsa, kiçik Mənsimov işi bacarmazsa, Nəsirov kömək etsin. Ancaq o, klubda cəmi 4 ay tab gətirir və həm öz istəyilə, həm də İstanbuldan geri çağırılmaq şərtilə qayıdır.
Ancaq Nəsirov hələ burda olanda Mais Mənsimov prezident postuna geri qaytarılmamışdı. Bir müddət sonra bu baş verir, lakin qovulmuşlar sırasında olmayan Nadirov Mənsimovdan "gözlədiyi qərarı" görməyib, bir növ, küsüb, işdən çıxır...
Onun küsməyinə səbəb Mənsimovun onu direktor vəzifəsindən vitse-prezidentliyə gətirməməsi idi - mənbəmiz belə deyir.
Nadirov klubdan kənarda heç də sakit durmur. Müxtəlif KİV-lərə klub və xüsusən, Mais Mənsimov əleyhinə kompromatlar ötürür. Və əlindəki əsas silah - Diaz məsələsini isə son vasitə kimi saxlamaq qərarı verir.
Bunu Nadirovun tezliklə kluba qaytarılması və birbaşa vitse-prezident vəzifəsinə təyin olunması təsdiqləyir.
Belə ki, Nəsirovun gedişindən sonra yerinə fanatlardan biri - Rəvan Bəşirov gətirilir. Ancaq onun da klubda çox tab gətirməyəcəyi aydın idi. Çünki Nadirov kənardan Mənsimova təzyiqlərini artırmışdı və bir gün Bəşirov gedəcək, yerinə o gətiriləcəkdi. Elə də olur. 2009-cu ildə ""küsüb getmiş" Tuyqun Nadirov geri qaytarılır... Və hələ də vəzifəsindədir. O, niə Mənsimovun sevimli kadrıdır - onu necə ələ ala bilir, növbəti araşdırmalarımızda dəlillərlə bu məqamları göstərəcəyik.
Missiya beləcə başa çatır və bunun həm də Diaz fırıldağı gizli saxlanmış olur. Nəinki Diaz məsələsi, başqa izində olduğumuz digər məsələlər də bləcə açıqlığa çıxacaq...
Olanlar "Xəzər Lənkəran"ın məhvə aparılması, yuvarlanmasına hesablanmış işlərdir. Aşkara çıxarmaqda davam edirik.
Qarşı tərəf mövzu haqda fikir bildirməkdən imtina edib. dia/