Qaraçuxurda sudan kütləvi zəhərlənmənin səbəbi açıqlandı

23-10-2015, 11:00           
Qaraçuxurda sudan kütləvi zəhərlənmənin səbəbi açıqlandı
Ötən gün Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında sudan kütləvi zəhərlənmə faktı ilə əlaqədar xəstəxanaya yerləşdirilən 10 nəfərin müalicəsi davam edir.

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, zərərçəkənlər 5 nömrəli Şəhər Klinik Xəstəxanasında yerləşdiriliblər: "Onlara profilaktik yardım göstərilib, həyatları üçün heç bir təhlükə yoxdur. Xəstələr mədə-bağırsaq infeksiyası ilə bağlı müalicə alırlar. Səhhətlərində ciddi problem olmadığından çox güman ki, gün ərzində evlərinə buraxılacaq".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə "Report"a açıqlamasında bildirib ki, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb və lokal xarakterli olub, başqa ərazilərdə qeydə alınmayıb: "Dövlət Sanitariya Xidməti orqanı və Səhiyyə Nazirliyi "Azərsu" ASC-nin işçiləri ilə birlikdə ərazidə olan xətlərə baxış keçirib. Həmin gün içməli suyun tərkibində normadan kənara çıxma halları müşahidə olunub. Suyun həm bakterioloji, həm də kimyəvi göstəriciləri var. Təbii ki, kimyəvi göstəricilər də standartlara cavab verməlidir. Həmin gün də suyun tərkibində bu maddədə kənara çıxma halları baş verdiyinə görə insanlardan narahatlıq yaradıb. Yoxlama zamanı həmin ərazidən su nümunələri götürülüb. Bütün göstəricilər norma daxilindədir. Hazırda əraziyə verilən suda heç bir problem yoxdur".
Şöbə müdiri, hadisə zamanı 70-ə yaxın şəxsin zərər çəkməsi ilə bağlı səsləndirilən fikirlərin yanlış olduğunu qeyd edib: "Bir neçə nəfərdə mədə-bağırsaq pozuntusu baş verib. Həmin şəxslərin vəziyyəti də hazırda stabildir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.