Etibar Əliyev “Bank Technique” yə qaytarıldı - O, bu gündən etibarən işə başlayacaq
27-10-2015, 15:26
Musavat.com-a daxil olan məlumata görə, Azərbaycanın tanınmış və peşəkar bankçısı Etibar Əliyev əvvəllər rəhbəri olduğu “Bank Technique”yə yenidən rəhbər gətirilib. O, bu gündən, oktyabrın 27-dən etibarən işə başlayacaq.
E.Əliyev bu gün Milli Bankın rəhbəri Elman Rüstəmovla görüşüb. Bundan sonra o, “Bank Technique”nin mərkəzi ofisinə gedib. Əldə etdiyimiz məlumata görə, o, hazırda kollektivlə tanış olur.
Xatırladaq ki, E.Əliyev bir müddət əvvələ qədər “Texnikabank” adlanan quruma rəhbərlik edib. Bankın qurulması və böyüməsində böyük xidmətləri olub.
Ekspertlər E.Əliyevi peşəkar bankçı kimi qiymətləndirir və onun yenidən bu banka qayıtmasını iqtisadiyyatda, bank sektorunda ciddi hadisə adlandırırlar. Adının çəkilməsini istəməyən ekspert bu hadisəni saytımıza şərh edərək bildirdi ki, bu həm haqq-ədalətin bərpası kimi, həm də iş sektorunun, biznes aləminin uğuru kimi qiymətləndirilə bilər. Ekspert həmçinin, belə bir mesaj da verdi ki, iş adamlarının gözü aydın!
Qeyd edək ki, E.Əliyev 2012-ci ilin mart ayında vəzifəsindən çıxarılmışdı. Ondan sonra “Texnikabank”ın adı dəyişdirilərək, “Bank Technique” olmuşdu. Bu Bank Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin nəzarətinə verilmişdi. Qısa müddətdən sonra “Bank Technique” çökdürüldü. Hazırda bank müflis vəziyyətdədir. Ekspertlər onu da bildirirlər ki, E.Əliyev yaxın müddətdə “Bank Technique”nin həm köhnə nüfuzunu geri qaytaracaq, həm gücləndirəcək, həm də batmaqda olan bankı yenidən dirçəldəcək.