“Kupça”ların verilməsində yeni qayda…

13-07-2015, 23:01           
“Kupça”ların verilməsində yeni qayda…
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyət hüququnun qeydiyyatı ilə bağlı mühüm yenilik başlayır.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) vrilən məlumata görə, bundan sonra daşınmaz əmlakların yeni sahiblərinin adına rəsmiləşdirilməsi avtomatik baş verəcək.
Belə ki, ƏMDK “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” təqdim edir. Yeni xidmət vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndərilməsini nəzərdə tutur. Başqa sözlə, notariat kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndəriləcək və əmlak öz yeni sahibinin adına qeydiyyatdan keçəcək. Nəticədə alqı-satqıdan sonra vətəndaşların müqaviləni DƏDRX-ə aparmasına ehtiyac qalmayacaq. Vətəndaş DƏDRX-ə cəmi bir dəfə, «çıxarış» götürməyə gedəcək. Xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını daha da sadələşdirmək, qeydiyyat üçün lazım olan prosedurları minimuma endirmək, vaxt itkisini və əlavə müraciəti aradan qaldırmaqdır.
Son illər ƏMDK-nin bu sahədə apardığı islahatlar, xüsusilə də elektron və onlayn xidmətlərin geniş tətbiqi nəticəsində Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesi dəfələrlə sürətlənib. Belə ki, 2014-cü ildə əmlakın hüquqi vəziyyəti ilə bağlı məhdudiyyət arayışlarının (Forma-1 arayışları) onlayn formada notariuslar vasitəsilə verilməsinə başlanmışdı. Nəticədə indiyədək bir neçə gün vaxt tələb edən bu proses cəmi 10-15 dəqiqəyə həyata keçirilir və vətəndaşların arayış almaq üçün DƏDRX-ə müraciətinə ehtiyac qalmır. “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” isə əmlakın qeydiyyatı prosesini növbəti dəfə qat-qat sadələşdirəcək. Yeni onlayn xidmət barədə daha ətraflı məlumat və zərirə bilgilər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 iyul 2015-ci il tarixində, saat 10:30-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində keçirilən ictimai təqdimatda açıqlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.