Tağı Əhmədovun Eldar Mahmudovu intihara çağırması məsuliyyət yaradırmı... - “Sabiq nazir onu məhkəməyə verə bilər”

28-11-2019, 11:04           
Tağı Əhmədovun Eldar Mahmudovu intihara çağırması məsuliyyət yaradırmı... - “Sabiq nazir onu məhkəməyə verə bilər”
Bakı Metropoliteninin sabiq rəisi, hazırda hakim partiyanın Yasamal təşkilatının sədri olan Tağı Əhmədov sabiq milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudovu intihar etməyə çağırıb. Bakupost-a müsahibəsində Tağı Əhmədov Eldar Mahmudovun ev dustağı olmasını, sərbəst hərəkət ixtiyarının özündə olmadığını dilə gətirib, sabiq nazirə xitabən “general olan özünün başına bir güllə vurub deyərdi ki, etdiyim xəyanətə görə mənim yerim bura deyil. Amma üz var da, oturur” deyib.

Tağı Əhmədovun çağırışı cinayət məsuliyyəti yaradırmı? Eldar Mahmudov Tağı Əhmədovun çağırışına əməl edərsə, onun barəsində cinayət işi başlana bilərmi?

Tanınmış vəkil Cavad Cavadov deyir ki, Tağı Əhmədov Eldar Mahmudova mənəvi baxımdan müraciət ünvanlayıb: “Tağı Əhmədovun çağırışından sonra Eldar Mahmudov intihar etsə - özünü assa, başına atəş açmaqla özünü öldürsə belə onun məsuliyyəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi var. Burada konkret olaraq zərərçəkən təqsirkardan maddi, xidməti və s. cəhətdən asılı olmalıdır. Təqsirkar zərərçəkən qarşı mütəmadi olaraq alçaldıcı hərəkətlərə, amansız rəftara, ləyaqətini alçaldan addımlar atmaqla, hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırması nəzərdə tutulur. Tağı Əhmədovla Eldar Mahmudov arasında xidməti, maddi cəhətdən asılılıq yoxdur. Ona görə də burada cinayət məsuliyyəti birmənalı olaraq istisna olunur”.

Cavad Cavadov deyir ki, Tağı Əhmədovun çağırışı ümumi çağırışdır: “Belə çağırışların cinayət hüquqi nəticəsi olmasa da, arzu olunandır ki, belə çağırışlar açıq şəkildə olmasın”.

Cavad Cavadov deyir ki, Eldar Mahmudov Tağı Əhmədovu şərəf və ləyaqətin alçaldılmasına görə məhkəməyə verə bilər: “Eldar Mahmudov vəzifəsindən çıxarılıb, amma onun rütbəsi, fəxri adları məhkəmə qaydasında alınmayıb. Bu baxımdan Eldar Mahmudov deyə bilər ki, barəmdə qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. İstintaq getsə də, heç bir cinayət məsuliyyətinə cəlb olunmamışam. Təqsirkar şəxslər cəlb olunub, mən isə cəlb edilməmişəm, sən Tağı Əhmədov mənə böhtan atırsan. Eldar Mahmudov Tağı Əhmədovu böhtana görə də məhkəməyə verə bilər”.

Cavad Cavadov deyir ki, bu gün Eldar Mahmudovla bağlı heç bir məhkəmə hökmü yoxdur, tədbir görülməyib. Bu baxımdan Tağı Əhmədov məhkəməyə çəkilə bilər.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.