Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin katibinə ittiham - 3 manata görə qaz mühəndisini işdən qovdurur

26-01-2016, 19:39           
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin katibinə ittiham - 3 manata görə qaz mühəndisini işdən qovdurur
Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi, dövlət qulluğunun baş müşaviri, siyasi elmlər üzrə fəlsəfə doktoru İlqar Məcidli 3 manata görə “Azəriqaz” İstehsalat Birliyinin metroloqu Firdovsi Sadıqovun işdən çıxarılmasını tələb edir. F.Sadıqov isə Milli Məclisin işçisini məhkməyə verəcək. Hazırda sənədlər hazırlanır.Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Məlumata görə İlqar Məcidli “Azəriqaz”a ünvanlandığı şikayətdə bildirib ki, ötən ilin dekabrın 22-də şirkətin “104” qaz qəza xidmətinə müraciət edərək ona məxsus bağ evinin qaz sayğacında baş vermiş qəza vəziyyəti ilə bağlı məlumat verib. Şikayətdən məlum olur ki, həmin gün “Azəriqaz”ın qəza xidmətinin əməkdaşları Milli Məclisinin işçisinin villasına gedərək problemi araşdırıb və ı sayğacın dəyişdirilməli olduğunu bildiriblər.

Dekabrın 28-də qaz sayğacı dəyişdirilib. “Qaz sayğacını dəyişdirmiş Firdovsi adlı mühəndis mənə qarşı xırda dələduzluq hərəkətinə yol verib. Belə ki, sayğac dəyişdirilərkən vintel olmadığını deyərək vintelin pulunu ödəməyi təklif edib. Vintelin dövlət tərəfindən qoyulduğunu xatırladandan sonra vaxt itkisinə yol verməmək üçün bağa baxan ona 3 manat ödəyib”-şikayətçi bildirir.

“Azəriqaz” ASC-nin rəhbəri Əkbər Hacıyevə müraciət edən İlqar Məcidli İlqar Sadıqovun cəzalandırılmasını, nəticələri ilə bağlı ona məlumat verilməsini istəyib. “Azəriqaz” isə F.Sadıqova şiddətli töhmət verib. Onun hətta işdən çıxarılacağı da gözlənilir.

Lakin Mirvari Qəhrəmanlının sözlərinə görə, F.Sadıqov İlqar Məcidlinin Sabunçi rayonu, Albalılıq qəsəbəsi, Seyid İbad ağa küçəsində yerləşən villasında qaz xəttinə baxış keçirib: “ Baxış nəticəzində qaz ventilinin dəyiməsinə ehtiyac yarandığı məlum olub. Ventilin dəyişməsi isə F.Sadıqovun səlahiyyətlərinə aid deyil. Lakin qarşı tərəfin təkidi ilə o, ev sahibinin hesabına mağazadan 3 manata ventil alaraq dəyişib. Milli Məclisin işçisi isə 3 manata görə “Azəriqaz” əməkdaşının işdən çıxarılmasını tələb edir. O, hətta şikayətində bildirib ki, işçinin 3 manat alması onun əsəblərinə təsir edib”.

Təşkilat rəhbəri deyir ki, “Azəriqaz” öz əməkdaşını dinləmədən haqqında qərar çıxarır. Halbuki Əmək Məcəlləsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. İntizam tənbehi verilərkən işçidən izahat alınmalı və onun etdiyi əməl müvafiq qaydada araşdırılmalıdır.

Araşdırma aparıldıqdan sonra, işçinin intizam xatası törətməsi sübut olunarsa, yalnız bundan sonra işçiyə intizam tənbehlərindən biri tədbiq oluna bilər. İntizam tənbehi tədbiq olunarkən yalnız bir tərəfin məlumatı əsas götürülə bilməz. Vəzifəsindən və qulluq mövqeyindən asılı olmayaraq hər hansı bir vəzifəli şəxsin şikayət və məlumatı sübut olunmadan işçiyə intizam tənbehi verilə bilməz.

M.Qəhrəmanlı “Azəriqaz”ın səlahiyyətli əməkdaşlarından biri ilə əlaqə yaratdığını bildirir: “Dedilər ki, şikayət Milli Məclisdən gəldiyi üçün işçini cəzalandırmağa məcburdular. Yəni Milli Məclisin qarşısında geri çəkilirlər. Bizim təşkilat isə işçinin hüquqlarını müdafiə edəcək”.

Qeyd edək ki, İlqar Məcidli həm də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin katibidir. Hansı ki, həmin nümayəndə heyəti bu gün Strasburqda Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını tələ edən sənədin qəbuluna nail ola bilmədi.

Abonentin mənzilində xarab olmuş qaz ventilinin dəyişdirilməsi üçün tələb olunan 3 manatı ola bilsin doğrudan da “Azəriqaz” ödəməlidir. Lakin görəsən Milli Məclisin villalı məmurları o qədərmi təmiz işləyirlər ki, 3 manatlıq dələduzluq iddiası ilə çıxış edib qaz işçisini təqib edirlər?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.