Hitler plastik əməliyyat keçirib?
10-03-2021, 10:42

Bu günlərdə əldə edilən məlumata görə, Adolf Hitler və onunla birgə “aradan çıxan” yüksək rütbəli alman zabitləri Cənubi Amerikaya qaçmazdan əvvəl Kanar adalarındakı “Casa Winter” adlı bir “poliklinika”da plastik əməliyyat keçirərək, üz cizgilərini dəyişiblər.
SİA bu barədə xarici mətbuata istinad edir.
Beləliklə, İngiltərənin “The Sun” nəşrinin yazdığına görə, “poliklinika” kimi təqdim edilən bu bina, əslində, almanların Atlantik okeanındakı müttəfiq gəmilərinə sualtı hücumlarını koordinasiya etmək üçün hazırlanmış bir sığınacaq olub.
Məsələn, indi adadakı yaşlı sakinlərdən birinin dediyinə görə, almanların sualtı qayıqları binanın altındakı mağaralarda yerləşdirilirmiş. Onun sözlərinə görə, möhkəm daşlardan tikilmiş villada bunker, həbsxana kameraları və krematorium da olub.
Yerli sakinin dediyinə görə, alman mühəndis Qustav Vinter tərəfindən inşa edilmiş villada əməliyyat salonuna bənzər ağ kirəmitli bir otaq da var.
Hitlerlə İspan diktatoru general Françisko Franko arasındakı razılaşmadan sonra “müharibə bölgəsi” elan edilən bu ərazilərə yerli sakinlər buraxılmayıb.
Yeri gəlmişkən bildirək ki, villanın “əsas sakini” kimi təqdim edilən mühəndis Qustav Vinterin Argentinaya qaçarkən özü ilə xeyli miqdarda sərvət apardığı da iddia edilir.
...Bu gün rəsmi versiyalara görə, 1945-ci il aprelin 30-da Berlində Sovet qoşunları tərəfindən mühasirəyə alınan Hitler və onun həyat yoldaşı Eva Braunla birlikdə intihar etdiyi iddia edilsə də, ancaq bunun həqiqətən belə olub-olmadığını hələ ki, heç kim bilmir.