İsmayıl Ömərovun tikinti şirkəti sakinləri aldadıb (VİDEO)

2-05-2015, 21:24           
İsmayıl Ömərovun tikinti şirkəti sakinləri aldadıb (VİDEO)
Heç kəsə sirr deyil ki, Bakıda yeni tikilən çoxmərtəbəli yaşayış binalarında ən çox yaşanan problem təbii qazın verilməməsidir.

Binalar bəzən tam istifadəyə verildikdən sonra belə təbii qazla təmin edilmir. Buna səbəb isə bina tikilərkən şirkətlərin tikinti üçün bütün sənədlərini qaydasına salmaması olur.

Bir qurum tikinti ilə bağlı öz rəyini verirsə, digər bir qurumdan bu rəyi almaq o qədər də asan olmur. Ya tikinti normaları tam yerində olmalıdır, ya da rüşvət verməlisən.

Bu tipli problem yaşayan binalardan biri də Yasamal rayonu ərazisindədir. Belə ki, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində, "NES" MTK-nın tikdiyi 3 yanaşı binanın sakinləri 5 ildir ki, təbii qaz problemi yaşayırlar.

Bina sakinləri musavat.com-a bildiriblər ki, şirkət uzun zamandır onları yalançı vədlərlə aldadır: "Düz 5 ildir ki, bizim binamızda qaz yoxdur. Yalandan qaz xətləri çəkiblər. Gözümüzdən pərdə asırlar. Ortalıqda təbii qaz deyilən bir şey yoxdur. Qışda evdə donaraq yatmışıq. Uşaqlar xəstəlik tapıblar. Hamısı da bu "NES" MTK-nın günahıdır. Hər şeyə görə bizdən pul istəyirlər. Amma bina tam bitməyib. Liftlərin çoxu işləmir. İşləyənlər də fasilələrlə çalışır".

Sakinlər deyirlər ki, binaya təbii qazın verilməməsi onlara baha başa gəlir: "Ötən il 200-250 manat, bu il isə 100-150 manat arasında aylıq elektrik xərcimiz çıxır. Bu da normal haldır. Təbii qaz olmadığı üçün mənzillərin isinməsində elektrik enerjisindən istifadə edirik. Mətbəxdə yemək bişirmək üçün belə elektrik enerjisi sərf edilir. Bütün bunları bir yerə yığanda da böyük miqdarda elektrik qəbzlərinin gəlməsi normaldır".

Şikayətçilər bildirirlər ki, onların elektrik sayğaclarına müdaxilə edilir: "Üstəlik, sayğacları bloklardan çıxarıb, binanın zirzəmisinə aparıblar. Biz öz mənzilimizin elektrik sayğacına baxmaq üçün icazə almalı oluruq. Yalandan dedilər ki, guya “Azərişıq” ASC belə tələb edib. Amma mən özüm araşdırmışam. Yalan deyirlər. Bunlar özləri “Azərişıq” ASC -yə ərizə ilə müraciət edib, sayğacları zirzəmiyə köçürüblər. Bunu da, bizim sayğaclara müdaxilə etmək rahat olsun deyə edirlər. Belə ki, bizim sayğaclara qarmaq ataraq liftin elektrik enerjisini ödəyirlər".

Binaya telefon xətti belə çəkilməyib: "Görün hansı vəziyyətdə yaşayırıq ki, 21-ci əsrdə mənzilimizdə telefon yoxdur. Onu belə çəkmirlər. "Çəkəcəyik" deyib, yola verirlər".

Şikayətçilər deyirlər ki, binada qəbz verilmədən pul yığılır: "Bizdən kommunal xərcləri ödəməyimizi istəyirlər. Əvvəllər ödəyirdik, amma artıq ödəmirik. Niyə ödəyək? Liftlər normal işləmir. Binanın zirzəmisi su içindədir. Bloklar təmirsizdir. Ərazi təmizlənmir. Buna görə kim pul verər? Üstəlik qəbz vermədən pul tələb edirlər. Hələ bunlar azmış kimi, avtomobil dayanacağına görə, hər maşın sahibindən aylıq 30 manat alırlar. buna görə də, qəbz vermirlər. Pullar haraya, kimin cibinə gedir, heç kim bilmir.

Yolumuz xarabalığa oxşayır. Avtomobil yolunda o qədər çala var ki, bina sakinlərinin heç birinin böyrəyində daş qalmayıb. Piyada yolundan isə heç danışılası deyil. Ya hündür torpaq təpənin üstü ilə, ya da qonşu binanın içərisi ilə gedib-gəlməliyik".

Bina sakinləri iddia edirlər ki, təbii qazın verilməməsinin əsas səbəbi puldur. Daha dəqiq desək, rüşvət: "Binanın sənədləri qaydasında deyil. Buna görə də, şirkət binaya qaz verilməsini təmin edə bilmir. Şirkətin sözcüsü Bəybala müəllim özü bizə deyib ki, bir obyekti satıb, binaya qaç çəkdirəcək. Bu da o deməkdir ki, ondan rüşvət istəyirlər. Bundan əlavə onlardan pul istənildiyini bizə dəfələrlə deyiblər".

Sakinlər binanın həyətində toplaşaraq, etiraz edən zaman onların arasında "NES" MTK-nın təsisçi-direktoru Ramiz Qazaxlı adlı şəxs də var idi. Sakinlərin şikayətlərini dinləyən R.Qazaxlı, qısa zaman ərzində problemin həll ediləcəyini dedi: "Bina hələ təhvil verilməyib. Sənədlərdə problem var idi. Daha doğrusu, gecikmə... Onu da həll etmişik. Bütün rəylər var. Təbii qazın verilməmə səbəbi isə sənədlərlə bağlıdır. Bəzi sənədlərimiz çatmırdı. Onları da tamamlamışıq. Yaxın zamanlarda qaz veriləcək".

Şirkət əməkdaşının dediklərində ziddiyyətlər var. Belə ki, R.Qazaxlı musavat.com-un əməkdaşına açıqlamasında binaya FHN tərəfindən rəy verilmədiyini, amma az sonra bütün sənədlərin qaydasında olduğunu, FHN-dən rəyin alındığını deyib. Bütün bunlar bizim diqqətimizi çəkdi.

"NES" MTK haqqında kiçik araşdırma etmək qərarına gəldik. Məlum oldu ki, "NES" MTK İctimai Televiziyanın keçmiş sədri İsmayıl Ömərova məxsusdur. İ.Ömərovun tikinti şirkətlərinin say çoxluğu qədər də problemlər var.

Belə ki, Ömərovların tikinti imperiyasına “Arabaçı” kiçik müəssisəsi, “Folklor”, “Fateh” və “Nes” MTK-lar daxildir. “Folklor” və “Fateh” MTK-lar əsasən Əhmədli qəsəbəsində, “Arabaçı” və “NES” isə Yeni Yasamalda göydələn ucaltmaqla məşğuldur. İ.Ömərovun tikinti şirkətləri haqda bu, ilk problem deyil. Mətbuatda dəfələrlə buna bənzər problemlər yazılıb. Nədənsə İ.Ömərov qardaşı Ələsgər Ömərovla birgə rəhbərlik etdiyi şirkətlərdə problemlər bitmək bilmir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.