Ağcabədi Pedaqoji Kolleci bazarı xatırladır... - ŞİKAYƏT VAR
11-05-2016, 17:41
Redaksiyamıza yeni daxil olan məlumatlarda bildirilir ki, Ağcabədi Pedaqoji Kollecində bu təhsil müəssisəsinin rəhbərliyi tərəfindən törədilən özbaşınalıqlar davam etməkdədir. Məlum olduğu kimi, hazırkı direktor Mirələm İbrahimovdan əvvəl bu kollecə rəhbərlik edən Sahib Hüseynov öz işində yol verdiyi qanun pozuntuları səbəbindən həbs olunmuşdu. Bu səbəbdən də çoxları belə bir qənaətə gəlmişdi ki, yeni direktor artıq köhnə səhvlərə yol verməyəcək. Lakin hadisələrin gedişi göstərdi ki, Mirələm İbrahimov öz sələfinin aqibətindən heç bir nəticə çıxarmayıb. Əksinə, bizimdovr.az-a açıqlama verən mənbələr iddia edirlər ki, son vaxtlar bu kollecdəki durum daha da gərginləşib. Bu xüsusda aldığımız məlumatda bildirilir: “Bu gün Ağcabədi Pedaqoji Kollecində özbaşınalıq, hərcmərclik, baş alıb gedir. Sessiya dövründə qiyabi şöbənin tələbələri demək olar ümumiyyətlə imtahanlara gəlmirlər. Bunun əvəzində isə, Mirələm İbrahimov tələbələrdən 1500 – 2000 AZN pul yığaraq, bütün sessiyanı onların əvəzinə başa vurur, tələbələrə qiymət yazdırır. Heç bir qiyabi şöbə tələbəsi kollecin üzünü belə görməyib...”
Həmçinin aldığımız digər bir məlumatda qış sessiya imtahanlarının gedişinə dair müxtəlif iradlar öz əksini tapıb: “Kollec direktoru Mirələm İbrahimovun imtahan sessiyasında tələbələrdən pul tələb etməsi və buna etiraz edən tələbələrin isə, imtahandan kəsilərək qovulacaqları ilə təhdid olunmaları kollecdə böyük qalmaqala səbəb olmuşdu. Tələbələrdən direktor tərəfindən müəyyən edilmiş şəxslərin əliylə hərədən 400 manat olmaqla pullar yığılmışdı. Həmçinin Mirələm İbrahimov xüsusi olaraq son kurs tələbələri üçün də qiymətlər müəyyənləşdirib. Buraxılış işi üçün tələb olunan məbləğ 600 manat, imtahanlar üçün isə 450 manatdır...” Daha sonra məlumatlarda bildirilir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun qohumu olan kollec direktoru, əyani şöbə tələbələrinin də təhsilini “qiyabi əsaslara” keçirib. Başqa sözlə desək, tələbələr dərslərə gəlməyə də bilərlər. Bunun üçün isə, Mirələm İbrahimova hər ay üçün 150 manat ödəmək kifayətdir.
Biz müxtəlif vaxtlarda respublika ərazisində fəaliyyət göstərən kolleclərin bir çoxunda kök salmış neqativ hallardan bəhs edən tənqidi məqalələr dərc etmişik. Həmçinin biz belə bir fikri də hər zaman xüsusi olaraq vurğulamışıq ki, kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir. Məhz elə bu səbəbdən də bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Lakin bütün hallarda istənilən reforma konkret insanların iştirakı ilə və müvafiq kadrların nəzarəti altında həyata keçirilir. Tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında isə istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara hələ də tez-tez rast gəlmək olur. Ağcabədi Pedaqoji Kollecində yer almış neqativ hallar da məhz bu deyilənləri təsdiq edən təzahürlər kimi diqqəti cəlb edir.
Bütün bunlar əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyyəsinə çox böyük ziyan vurur. Bütün bu deyilənlər bir daha təsdiq edir ki, bu gün dövlətin təhsil sistemində nəzarətin gücləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirməsinə baxmayaraq bu sahədə çox ciddi problemlər hələ də qalmaqdadır.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.