Şəki lətifəsi: polis polkovniki öz apardığı işdən xəbərsizdir?

4-06-2016, 11:08           

Mayın 28-də kavkaznews.az saytında “Şəki odisseyası” başlıqlı yazı dərc olunmuşdu.

Məqalədə bildirilirdi ki, bu günlərdə bizə “Korrupsiya və dövlətçilik” qəzetinin araşdırma qrupunun rəhbəri Osman Məmmədov müraciət edib. Onun sözlərinə görə, bu yaxında Şəkinin Baş Şabalıd kənd sakini Fuad Lətifov şikayət edib.

“Ötən il dekabrın 5-də Fuad Lətifov Şəki şəhərində kirayə tutduğu mənzildə tanış bir qadınla birlikdə Baş Göynük kəndinin sahə inspektoru Adil Abdulkərimov tərəfindən saxlanılıb”, – deyə Osman Məmmədov kavkaznews.az-a bildirib.

Onun sözlərinə görə, Fuad Lətifovu həmin hadisədən sonra polis idarəsinə aparıblar: “Lətifov bizə bildirdi ki, ondan orda 2 min manat rüşvət rələb ediblər. O, pul verməkdən imtina etdikdə, soyadını bilmədiyim Vüsal adlı kapitan başda olmaqla, polislər Lətifovu təhdid ediblər ki, tutulması barədə yerli telekanallarda informasiya yayacaqlar. Uzun danışıqlardan sonra, rüşvətin məbləği min manata qədər azaldılıb”, – deyə Osman Məmmədov qeyd edib.

O qeyd edib ki, rüşvət aldıqdan sonra Fuad Lətiifovun işini kiçik xuliqanlıq kimi rəsmiləşdiriblər, buna görə də, sonuncu 50 manat cərimə ödəməli olub.

“Mən Şəki RPİ-nin rəsi Əbülfət Rzayevə məktub yazaraq, baş verənlər haqqında geniş söz açmışam”, – deyə O.Məmmədov qeyd edib.

Jurnalist həmkarımızın dediyinə görə, bu hadisədə adı keçən polis kapitanı Adil Abdulkərimovla bağlı başqa bir məsələ üzrə – kənarda əxlaqsız əlaqələr qurduğuna görə təhqiqat aparılır. Şəki rayonu Şabalıd kənd sakini Fuad Lətifov Osman Məmmədovun sözlərini kavkaznews.az-a təsdiq etdi.

Biz Fuad Lətifovdan rüşvət istədiyi deyilən polis kapitanı Vüsalla əlaqə saxladıq. Vüsal adlı polis zabiti (bizə soyadını bildirmədi – red.) isə Fuad Lətifovun dediklərini təkzib etdi.

“Mən Fuad Lətifov və Osman Məmmədovu tanımıram”, – deyə Vüsal adlı polis kapitanı kavkaznews.az-a bildirdi.

O, həmçinin Adil Abdulkərimova qarşı təhqiqat işi aparılmadığını deyib: “Adil Abdulkərimov barədə heç bir təhqiqat aparılmır. Osman Məmmədov və Fuad Lətifovun Adillə hansısa problemləri var”.

Xatırladaq ki, müsahibənin əvvəlində Vüsal adlı polis zabiti Osman Məmmədov və Fuad Lətifovu tanımadığını demişdi.

Təəssüf ki, Şəki RPİ-dən bizim məqaləyə reaksiya gəlmədi. Ona görə də, biz başladığımız araşdırmanı davam etdirməyə qərar verdik.

“Korrupsiya və dövlətçilik” qəzetinin araşdırma qrupunun rəhbəri Osman Məmmədov bizə bildirdi ki, onun Əbülfət Rzayevə müraciətindən sonra Şəki RPİ-yə dəvət olunub.

“Mənimlə polkovnik-leytenant Maqsud Mənsimov görüşdü. O, həmçinin Fuad Lətifovu və bu işdə adı hallanan polis əməkdaşlarını da dəvət etmişdi. Maqsud Mənsimov söz verdi ki, dürüst təhqiqat aparılacaq. Lakin Fuad Lətifov polis idarəsini tərk edən kimi, ona müxtəlif yerlərdən zənglər olundu və şikayətini geri götürməyi xahiş etdilər. Lətifov bu barədə mənə bildirdi, mənsə Maqsud Mənsimova zəng etdim. Ona dedim ki, “siz dürüst təhqiqat aparılacağını vəd etdiniz, amma burda şikayətçidən ərizəsini geri götürməyi tələb edirlər”. O isə cavab verdi ki, təhqiqat getsə problemlər yarana bilər. Mən soruşdum ki, bəs niyə təhqiqata başlamısınız, amma o, sualımı cavabsız qoydu”, – deyə O.Məmmədov vurğuladı.

Biz polkovnik-leytenant Maqsud Mənsimovun da fikrini öyrənməyə çalışdıq.

M.Mənsimov kavkaznews.az-a bildirdi ki, Adil Abdulkərimov haqqında təhqiqat getməsinə dair məlumatı yoxdur.

“Həmçinin , bu təhqiqatı kimin apardığını bilmirəm”, – deyə M.Mənsimov qeyd edib.

Lakin Şəki RPİ-nin növbətçi polis əməkdaşı Rəsulov Maqsud Mənsimovun sözlərini təkzib etdi.

“Adil Abdulkərimovla bağlı təhqiqat aparılır və bu işi Maqsud Mənsimovun özü aparır”, – deyə polis əməkdaşı kavkaznews.az-a bildirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.