“Əli-94” TİCARƏT MƏRKƏZİNDƏ 1,4 MİLYON MANATLIQ YEYİNTİ – İLGİNC SƏNƏDLƏR

9-06-2016, 00:33           
“Əli-94” TİCARƏT MƏRKƏZİNDƏ 1,4 MİLYON MANATLIQ YEYİNTİ – İLGİNC SƏNƏDLƏR
Bu vəsaitin 85 min manatı ƏDV-dən, 20 min manatı gəlir vergisindən, 1575 manatı icarə müqaviləsinin saxtalaşdırılmasından, 5100 manatı DSMF-dən, 3672 min manatı isə vergidən yayındırılan pullardır...

Sumqayıtda fəaliyyət göstərən “Əli-94” (“Ən ucuz market”) ticarət mərkəzində vergidən milyonlarla manat yayındırıldığı haqda “Hürriyyət”in ötən saylarında məlumat vermişdik. Qeyd etmişdik ki, bu ticarət mərkəzinin sahibi olan Vüqar Rəsul oğlu Qələndərov dövlətdən oğurladığı pullarla öz ətrafında böyük bir cinayətkar şəbəkə yaradıb. Bu səbəbdən də Sumqayıtda heç bir məmur bu şəxsin qanunsuzluğuna “dur” deyə bilmir. Hətta onun zaman-zaman keçmiş və indiki icra başçılarına meydan oxuduğu haqda informasiyalar da var. Hansı ki, bütün bunlar barəsində az da olsa oxucularımızı məlumatlandırmışıq. Bu yazımızda isə, V.Qələndərovun sahibi olduğu “Əli-94” ticarət mərkəzində baş verən maliyyə maxinasiyaları haqda faktları açıqlayacağıq.

Öncə onu qeyd edək ki, Vüqar Qələndərovun Sumqayıtdakı biznes imperiyası “Əli-94” ticarət mərkəzi ilə məhdudlaşmır. Onun bu şəhərdə “Göyçay ”, “Hiper”, “Səda Store” və “Ən Ucuz” adı altında onlarla market və ticarət mərkəzi fəaliyyət göstərir. Hansı ki, jurnalist araşdırması nəticəsində bu ticarət mərkəzlərində dövlət büdcəsindən külli miqdarda vəsait oğurlandığı haqda çox ciddi faktları ortaya çıxarmışıq. Həmin sənədlərdə bəzi rəsmi şəxslərin də Vüqar Qələndərovun cinayət tərkibli əməllərinə ortaq olduğu, hətta onun qanunsuzluğunu ört-basdır etdiyi sübut edilir. Xüsusən də Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının bu sahədəki fəaliyyəti daha qabarıqdır. Məsələn, vergi müfəttişi H.V.Əliyevin imzası ilə təsdiq və tərtib olunan aktda bu saxtakarlıq açıq-aşkar görünür.

Vergi müfəttişlərinin yoxlama(ma)sı

Belə ki, 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının 2015-ci ilin iyul ayı üzrə “Əli-94” ticarət mərkəzində apardıqları yoxlama zamanı orta günlük satış dövriyyəsi barədə tərtib olunan akta diqqət edək(FOTO 1). Aktda göstərilir ki, təxminən yarım ay ərzində - 07.08.2015-ci ildən 21.08.2015-ci il aralığında aparılan araşdırma nəticəsində bu ticarət mərkəzinin satış dövriyyəsinin 10167, 82 manat olduğu müəyyən edilib. Həmin akta əsasən, orta günlük satış dövriyyəsi isə 1344,52 manat təşkil edib...

Satış dövriyyəsi 30 dəfə azaldılıb

Halbuki, həmin dövr üçün şirkətin “qara mühasibatlıq” hesablarında bu göstərici dəfələrlə artıq göstərilib. Məsələn, oktyabr ayının əvvəlində – 01.10.2015-də “Əli-94” ticarət mərkəzinin günlük satış dövriyyəsi 18157,86 manat, ayın axırında – 31.10.2015-də 19944, 97 manat təşkil edir(FOTO 2). Həmin ay üçün aylıq satış dövriyyəsi isə 580, 174, 000 manat təşkil edir. Göründüyü kimi, bütün bunlar bir daha təsdiq edir ki, “Əli-94” ticarət mərkəzinin aylıq satış dövriyyəsi 580 min manatdan çox olduğu halda, rəsmi sənədlərdə təxminən 20 min manat göstərilir. Bu da o deməkdir ki, “Əli-94” ticarət mərkəzi aylıq satış dövriyyəsinin 560 min manatını gizlədir.

Nəzərə alsaq ki, bu vəsait rəsmiyyətə cəlb olunacağı halda V.Qələndərov təkcə 18 faiz ƏDV ödəməli olacaqdı, deməli, bu vəsaitin (560 min manat) yayındırılması nəticəsində dövlət büdcəsindən 85 423 manat oğurlanıb.

Digər tərəfdən, əgər bu şəxsin qəbul olunmuş 20 faiz orta rentabelliklə fəaliyyət göstərdiyini də nəzərə alsaq, bu halda vergidən yayındırılmış vəsaitin təxminən 466 min manatı xərc, 94 min manatı isə xalis gəlir olar. Həmin vəsaitin də (94 min manatın) 20 faizi gəlir vergisinə cəlb olunardısa, Vüqar Qələndərov əlavə olaraq hər ay 20 min manata yaxın da gəlir vergisi ödməyə məcbur olacaqdı. Lakin hazırda bu vəsait V.Qələndərov tərəfindən mənimsənilir.

Başına “şahlıq quşu” qonan qarovulçu

Təbii ki, Vüqar Qələndərovun saxtakarlıqları təkcə bu faktlarla bitmir. Ötən yazımızda da qeyd etmişdik ki, o, sahibi olduğu “Əli-94” ticarət mərkəzini (Əslində bu firmanın təsisçisi Vüqar Qələndərovun anası Qələndərova Gülşən Nəsrulla qızıdır- müəl.) ilk olaraq həmin obyektdə xadimə işləyən İsgəndərova Nəhayət Məhəmmədəli qızına, daha sonra isə Əsgərova Südabə adlı satıcıya “icarəyə verib”. Son illər isə, icarə müqaviləsi yenə də həmin obyektdə qarovulçu kimi çalışan və ayda cəmi 170 manat maaş alan Əsgərov Rövşən Bibiqulu oğlu ilə bağlanmışdır.

Bütün bunlar isə heç də təsadüfi deyil. İlk öncə onu qeyd edək ki, “Əli 94” ticarət mərkəzinin icarəyə verilən hissəsi 600kv. metr təşkil etsə də, sözügedən icarə müqaviləsində bu rəqəm kiçildilərək 150 kv.metr göstərilir(FOTO 3). Bununla icarə haqqı və “Əli 94” ticarət mərkəzində yerləşən obyektlərin və işçilərin sayı da dövlətdən gizlədilir. Hansı ki, “fərdi sahibkar” Rövşən Əkbərovun adı ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə təqdim olunan arayışda da qeyd olunur ki, Sumqayıt şəhəri 10-cu mikrorayon Babək küçəsi 8A ünvanında ümumi sahəsi 150 kvadrat-metr olan, Sumqayıt şəhəri, o cümlədən 3 mkr Sülh küçəsi 33 A ünvanında ümumi sahəsi 150 kvadrat-metr olan və Sumqayıt şəhəri 17 mkr İ.Qayıbov küçəsində yerləşən təsərrüfat subyektlərində “sahibkarlıq fəaliyyəti”ni həyata keçirir. Lakin təkcə bu obyektlərin biri - 3 mkr Sülh küçəsi 33A ünvanında yerləşən ticarət mərkəzi üzrə Rövşən Əsgərovla Gülnişan Qələndərova arasında bağlanmış icarə müqaviləsinə baxmaq yetərlidir ki, bu zaman hansı saxtakarlıqlara imza atıldığınan şahidi olasan. Məsələn, müqavilədə sözügedən obyektin icarə haqqı 300 azn göstərilir ki, bu da real bazar qiymətindən dəfələrlə azdır.

Saxta icarə müqaviləsi, 1575 manat “qazanc”

Ancaq bu rəqəm əsasında hesablama apardıqda belə, aydın olur ki, icarə müqaviləsində obyektin sahəsinin olduğundan 450 kvadrat-metr az göstərilməsi nəticəsində hər ay dövlət büdcəsindən külli miqdarda oğurluq edilir. Belə ki, həmin ərazidə icarəyə verilən obyektin hər kvadrat-metrinə görə ən azı 25 manat ödənildiyini, üstəlik tərəflərin anlaşmasının da bu rəqəmə yaxın olduğunu nəzərə alsaq, deməli, ay ərzində təkcə saxta icarə müqaviləsi əsasında 1575 manat (450 x 25 x 14% ÖMV) büdcədən yayındırılır.

Digər yandan, rəsmi sənədlərə diqqət edəndə o da məlum olur ki, Vüqar Qələndərov anasının adına olan müqaviləyə özü imza atıb. Hansı ki, bu müqavilə Əsgərov Rövşən Bibiqulu oğlu ilə 3 iyun 2017-ci il tarixədək etibarlılıq şərti ilə bağlanıb. Ancaq məlum olanda ki, bu şəxs sözügedən ticarət mərkəzində sadəcə qarovulçu işləyir, o halda bəlli olur ki, onun “Əli 94” kimi böyük bir obyekti icarəyə götürməsi və işlətməsi reallıqdan tamamilə uzaqdır və bu da V.Qələndərovun çoxsaylı saxtakarlıqlarından biri hesab olunmalıdır.

83 nəfər işçi necə “kəsilib-doğrandı”?

“Əli-94” ticarət mərkəzində işçilərin sayının olduğundan dəfələrlə az göstərilməsi zamanı da külli miqdarda yeyintiyə yol verilir. Məsələn, rəsmi sənədlərdə bu ticarət mərkəzində 15 nəfərin çalışdığı qeyd olunur. Halbuki, “qara mühasibatlıq” hesablarında “Əli-94” ticarət mərkəzində 83 nəfərin çalışdığı əks olunur(FOTO 4).
Bununla, Vüqar Qələndərovun sahibi olduğu ticarət mərkəzlərinin təkcə birində - “Əli-94”də 68 nəfərin adı Vergilər Nazirliyindən və DSMF-dən gizlədilməklə, yenə də külli miqdarda yeyintiyə yol verilir. Konkret olaraq, işçilərin əlimizdə olan maaş cədvəlinə əsasən deyə bilərik ki, 68 nəfərin orta aylıq əməkhaqqı toplam 20 400 manat edir və bu halda vergidən 3672 manat (20 400 manatın 18 faizi), DSMF-dən isə 5100 manat (20 400 manatın 25 faizi) vəsait oğurlanır. Üstəlik, “qara mühasibatlıq” sənədlərində “Əli-94” ticarət mərkəzinin müdiri kimi adı qeyd olunan R.Səfərov şirkətin sahibi Vüqar Qələndərovun etibarlı adamı kimi hər ay əldə olunan mənfəətin 10 faizinə sahib olsa da(FOTO5), onun adı heç bir rəsmi sənədləşmədə qeyd olunmur. Bu zaman da aşkar qanunsuzluğa yol verilir və büdcədən kifayət qədər maliyyə vəsaiti yayındırılır.

Hər ay dövlətdən 115 347 manat oğurlayır

Beləliklə, “Hürriyyət”in əməkdaşının apardığı araşdırma nəticəsində məlum olur ki, Sumqayıtdakı “Ən Ucuz”, “Hiper”, “Səda Store”, “Göyçay” və digər marketlər şəbəkəsinin sahibi olan Vüqar Qələndərov təkcə “Əli-94” ticarət mərkəzində həyata keçirdiyi saxtakarlıqlar nəticəsində hər ay dövlət büdcəsindən toplam olaraq 115 347 manat oğurlayır. Hansı ki, bunun da 85 423 manatı ƏDV-dən, 20 min manatı gəlir vergisindən, 1575 manatı icarə müqaviləsinin saxtalaşdırılmasından, 5100 manatı DSMF-dən, 3672 min manatı isə vergidən yayındırılan pullardır. Bu isə o deməkdir ki, Vüqar Qələndərov il ərzində dövlət büdcəsindən 1 384 164 (1 milyon, 384 min, 164) manat oğurluq edir.
Əlbəttə, Vüqar Qələndərovun dövlət vergisindən gizlədərək mənimsədiyi vəsaitlər bunlarla bitmir. Lakin təəssüf ki, dövlətdən oğurladığı pulların bir hissəsini öz qanunsuz əməllərinin ört-basdır edilməsi istiqamətində xərclədiyindən, illərdir onun fəaliyyəti ciddi araşdırılmır. Hansı ki, 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının “Əli-94” ticarət mərkəzində apardığı “yoxlama” dediklərimizin bariz nümunəsidir. Çünki, əldə etdiyimiz məlumata görə, vergi müfəttişləri yuxarıda göstərilən 14 gün ərzində nəinki hansısa yoxlama aparıb, əksinə, bütün günlərini nərd oynamaqla başa vurublar. “Araşdırma”ların sonunda isə V.Qələndərovun onlara təqdim etdiyi sənədi aktlaşdırmaqla, öz işlərini bitmiş hesab ediblər.

Dövlət rəsmilərinə müraciət...

Odur ki, biz “Hürriyyət” olaraq Vergilər naziri cənab Fazil Məmmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edərək, yuxarıda göstərilən faktlarla bağlı araşdırılma aparılmasına göstəriş vermələrini xahiş edirik. Çox istərdik ki, bu yoxlamalar zamanı qəzetimizin əməkdaşlarının da iştirakı təmin olunsun. Çünki bu zaman əlimizdə olan və yuxarıda açıqlanmayan bir çox əlavə faktları da təqdim etməklə, yoxlamaların daha tez və obyektiv aparılmasına yardımçı ola bilərik.

P.S. Növbəti yazılarımızda Vüqar Qələndərovun sahibi olduğu ticarət mərkəzlərinin “Azərsun”, “Veysəloğlu”, “Koroğlu”, “Roşen”, “Avrora”, “Fərid MŞ” və fəaliyyəti dayandırılmış “Laktans Kaspi” şirkətləri ilə bağladığı saxta müqavilələrə, eləcə də ona məxsus digər obyektlərdəki maliyyə maxinasiyalarına aydınlıq gətirəcəyik. Bizi izləyin. huriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.