Cəlilabad İşıq İdarəsinin müdiriylə borclu adamlar arasında münaqişə
10-06-2016, 15:59
Aydın Məmmədov restoranlara və məişət avadanlıqları dükanlarına olan borcunu qaytarmaqdan boyun qaçırır
«Azərişıq»ın Cəlilabad nümayəndəliyinin rəhbəri Aydın Məmmədovla borc sahibləri arasında problem yaşanır. Bu barədə JAM.AZ-a rayondan məlumat verilib.
Məlumatda deyilir ki, Aydın Məmmədovun borclu olduğu əsas şəxslər restoranlar və məişət avadanlıqları dükanlarıdır. Belə ki, «Azərişıq»ın Cəlilabad Elektrik Satışı İdarəsinin müdiri yeyib-içən oğlan olduğundan restoranlarda verdiyi ziyafətlərə görə borclu qalıb. Həmin restoranların sahibləri də müdirdən pullarını tələb edirlər.
JAM.AZ-a verilən məlumatda qeyd edilir ki, Aydın Məmmədovun məişət texnikaları dükanlarına olan borcunun səbəbi isə məlum deyil. Bəzi iddialara görə, o, dükanlardan kreditlə götürdüyü məişət avadanlıqlarını ucuz qiymətə sataraq, pul çevirib və borclarının bir qismini bağlayıb. Bəzi məlumatlarda isə qeyd edilir ki, İşıq İdarəsinin müdiri həmin avadanlıqların bir qismini evinə, bir qismini də simsar bildiyi adamlara hədiyyə verib. İndi isə pullarını geri qaytara bilmir.
Lakin ortada başqa bir iddia daha var. JAM.AZ-a daxil olan məlumatlarda qeyd edilir ki, Aydın Məmmədovun borclarının yubanmasının bir başqa səbəbi də onun tikinti biznesinə girişməsidir. Şərikli şəkildə qatıldığı bu biznesdə əli gətirən İşıq İdarəsinin müdiri kreditlə aldığı məişət avadanlıqlarının pullarını məhz bu sahəyə yönəldib.
Xatırladaq ki, Aydın Məmmədov Cəlilabaddan öncə, Lerik İşıq İdarəsinin müdiri vəzifəsində çalışıb. Onun bu rayona vurduğu ziyanlar milyonlarla manatla ölçülür. Hətta Lerikin elektrik təsərrüfatına vurduğu zərəri bu gün də aradan qaldırmaq mümkün deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.