Separatçıların təxribatı: - Ordumuz Qarabağda bu əməliyyatı keçirəcək
16-05-2023, 13:44

“Biz həm Ermənistanla sərhəddə, həm də rusların müvəqqəti nəzarətində olan ərazilərdə təxribatları heç bir zaman istisna etməmişik və bu təxribatlar zaman-zaman baş verməkdədir. Gələcəkdə də belə təxribatların olmayacağına kimsə zəmanət verə bilməz. Hətta sülh müqaviləsinin imzalanması belə hansısa təxribatları tamamilə istisna etməyəcək”.
TEREF.AZ bildirir ki, bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, separatçıların Qarabağda hansısa etiraz aksiyaları keçirməyi, mitinqlərə çıxmağı heç nəyi dəyişməz:
“Çünki Azərbaycan Ordusu keçən ilin mart ayından başlayaraq bu günə qədər rusların müvəqqəti nəzarətində olan ərazilərdə ona yaxın əməliyyat və yerdəyişmələr həyata keçirib. Azərbaycan Ordusu bu əməliyyatlar və yerdəyişmələr nəticəsində strateji və hakim yüksəkliklərə bayrağını və şəxsi heyətini yerləşdirib. Buna qarşı erməni silahlıları heç bir müqavimət göstərə bilməyiblər”.
Ekspertin sözlərinə görə, indiki vəziyyətdə Ermənistandan Qarabağa silah və sursat daşınması demək olar ki, tamamilə məhdudlaşdırılıb:
“Laçın sərhəd keçid məntəqəsi qurulduqdan sonra ən azından bir dəfə də olsun Ermənistana bizim nəzarətimizdən kənar maşın və yüklər daxil olmayıb. Belə olan halda separatçı rejimin təxribatı, hansısa mitinq keçirməsi, bəyanat verməsi heç nəyi dəyişməz. Əksinə, belə fəaliyyətlər Azərbaycanı daha təsirli və adekvat tədbirlərə əl atmağa, o cümlədən sülməramlıların nəzarətində olan yüksəkliklərdə yeni strateji məntəqələrə yerləşməyə sövq edə bilər”.