Arzu Rəhimovun xidmətində biabırçılıq - Saxta Əfqanıstan veteranları peyda olub...

12-08-2016, 12:02           
Arzu Rəhimovun xidmətində biabırçılıq - Saxta Əfqanıstan veteranları peyda olub...
Əfqanıstanı xəritədə belə görməyənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsində “Əfqanıstan veteranı” kimi qeydiyyatdadırlar.

Bəzi regionlarda “paytaxtdan kənarıq” prinsipi əsas götürülərək qanun pozuntusu artıq adi hal alıb. Əsasən ƏƏSMN sistemində sosial yardımların “ayrılması”, təqaüdlərin təyin edilməsi prosesində baş verən bu kimi hallar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də sirayət edib. Uzun illərdir ki, Ermənistanla müharibə şəraitində olan dövlətin əsas strukturlarından biri hesab olunan qurumda qanundan kənar hallar baş verərkən normalda məsul şəxslər müharibə qanunları ilə cəzalandırılmalıdırlar. Əfsuslar olsun ki, hələ ki, bu cür şəxslər üçün cəzasızlıq şəraiti davam edir. Etibarlı mənbədən Conflict.az-a İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bir müddət əvvəl baş verən hadisə ilə bağlı məlumat daxil olub. Belə ki, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yoxlamaları zamanı məlum olub ki, Xidmətin İmişli rayon şöbəsində hətta Əfqanıstanı xəritədə belə görməyənlər “Əfqanıstan veteranı” kimi qeydiyyatdadırlar. Məlumatı verən mənbə bildirdi ki, saxta qeydəalmalar Elxan Nəsirov adlı sabiq hərbi komissarın (onu da qeyd edək ki, E.Nəsirov çoxsaylı maliyyə cinayətlərinə görə həbs edilib – Conflict.az) zamanında olsa da, ondan sonra təyin olunan xidmət rəisi Qulu Əsədov bu məsələdən yalnız mərkəzi yoxlamadan sonra xəbər tutub. Mənbə onu da bildirdi ki, əslində Qulu Əsədov təyinatı zamanı bu tip məsələləri araşdırmağa borclu idi. Lakin mənbənin məlumatına görə cənab Əsədov araşdırma məsələlərinə bir o qədər də maraqlı şəxs deyil. Və xidməti yerini də tez – tez aidiyyatı olmayan işlər üçün tərk edir. Conflict.az-ın əməkdaşının məsələni araşdırmaq üçün əlaqə saxladığı, özünü təqdim etməyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin nümayəndəsi də xidmət rəisinin yerində olmadığını söylədi və dəstəyi asdı. Əslində özəl kanallarla cənab Əsədovun gündəlik məşğuliyyəti ilə bağlı məlumatlar əldə etməyimizə baxmayaraq hələ ki, bu məsələnin üstündən sükutla keçməyi vacib hesab edirik. Onu da qeyd edək ki, cənab Əsədovun gündəlik məşğuliyyəti ilə bağlı mənbəmiz yaxın günlərdə foto – faktlar təqdim edəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsində baş verən “veteran rəzaləti”nə gəldikdə isə onu da qeyd edək ki, əslində bu kimlərinsə dövlət vəsaitinə bilərəkdən və bir qrup şəxslə qəsdi (çünki saxta müharibə veteranı statusunu almaq üçün aidiyyatı strukturun bir qrup əməkdaşı ilə iş birliyində olmadan bu məsələnin həyata keçirilməsi mümükünsüzdür - Conflict.az) olmaqala yanaşı, müharibə gedən ölkənin büdcəsinin mənimsənilməsidir. Məlumatı verən mənbə bildirdi ki, hal – hazırda İmişli rayonunun kəndlərindən birinin bələdiyyə sədri (onu da qeyd edək ki, həmin kəndin adı artıq redaksiyaya məlumdur, sadəcə mənbəmiz vasitəsilə bəzi dəqiqləşdirməlr aparırıq – Conflict.az), Əlipənahlı kəndində isə dah bir nəfər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsində “Əfqanıstan müharibəsi veteranı” kimi qeydiyyatdadırlar. Nəzərə alsaq ki, son illər ölkə başçısı Böyük Vətən, I Qarabağ Müharibələrinin iştirakçıları, itgin düşmüş və şəhid ailələrinin sosial problemlərinin həlli ilə yanaşı, Əfqanıstanda döyüşmüş hərbiçilərin və onların ailələrinin də həyat şəraitlərinin yaxşılaşdırması isitqamətində müvafiq sərəncamlar imzalamışdır. Görünür bəzi fürsətçillər üçün ölkə Prezidentinin xoş məramlı bu qərarları əsl qazanc mənbəyinə çevrilib. Hesab edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli Rayon Şöbəsində baş verən neqativ vəziyyətlə daha yaxından ilgilənəcək və ölkə başçısının xoşməramlı qərarlarının kimlər üçünsə gəlir mənbəyinə çevrilməsinin qarşısını alacaqdır.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

P.S. “İstidir, gedib orada uşaq nə edəcək? Payızda gətirərsən göndərərik” – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsində mənbəmizin şahidi olduğu “söhbəti” növbəti yazımızda oxuyacaqsınız.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.