Xətai məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətinin uzadılması ilə bağlı vəsatətə baxacaq
3-10-2024, 08:47
Oktyabrın 3-də Bakı Xətai Məhkəməsində "1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan təqdbirinin növbəti dəfə uzadılması ilə bağlı vəsatətə baxılacaq.
Bu barədə vəkil Aqil Layıc bildirib.
Ələsgər Məmmədli barəsində həbs qətimkan tədbiri bu il iyul ayının 4-də uzadılıb.
Ailəsi və vəkilləri Ələsgər Məmmədlinin həbs müddətinin uzadılmasının onun səhhətinə ciddi təsirləri olduğunu düşünürlər.
Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.
Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.
Bugünədək bir sıra beynəlxalq mətbuat azadlığı və insan hüquqları təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Rəsmi Bakı Azərbaycanda fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.