"Google" delfinlərin dilini öyrənəcək
16-04-2025, 15:57

"Google" şirkətinin mütəxəssisləri delfinlərlə ünsiyyət qurmaq üçün süni intellekt modeli hazırlayıblar.
Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Bildirilib ki, şirkətin mütəxəssisləri əvvəlki "Gemma" modeli əsasında "DolphinGemma" adlı yeni bir böyük dil modeli (LLM - Large Language Model) yaradıblar. Bu proqram vasitəsilə tədqiqatçılar delfinlərin çıxardığı səsləri analiz etməyə, bu səslərdəki nümunələri müəyyən etməyə və onlarla qarşılıqlı ünsiyyət qurmağı öyrənməyə çalışacaqlar.
Layihə vəhşi delfinlərin tədqiqi ilə məşğul olan "Wild Dolphin Project" (WDP) təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Alimlər yeni süni intellekt modelinə 1985-ci ildən bəri toplanmış delfin səslərindən ibarət geniş bir səs kitabxanasını yükləyiblər.
Mütəxəssislərin sözlərinə görə, hələlik delfinlərin "sözlər"dən istifadə edib-etmədiyini dəqiq demək mümkün deyil. Lakin öyrənilən materiallarda müəyyən təkrarlanan və mənalı ola biləcək səs nümunələrinə rast gəlinir.
Əgər "DolphinGemma" modeli uğurlu nəticələr verərsə, bu, delfinlərin "dilini" başa düşmək və onlarla daha səmərəli ünsiyyət qurmaq üçün mühüm addım olacaq.
Yeni proqramın sınaq versiyasının 2025-ci ilin yayında istifadəyə verilməsi planlaşdırılır.