Daha bir gizli oliqarx
8-06-2015, 17:24
Məlum olduğu kimi son bir neçə ildə bütün dünyanı bürümüş maliyyə böhranı bir çox şirkətlərdə əməkdaşların ixtisarına da səbəb olub. O cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) də son vaxtlar bu kimi “antiböhran” tədbirləri həyata keçirilməkdədir. Digər tərəfdən isə, ARDNŞ-in özündə olan bəzi mənbələr, eləcə də prosesləri kənardan müşahidə edən bir çox ekspertlər hesab edirlər ki, əsasən şirkətin vitse-prezidenti Mikayıl İsmayılovun planı üzrə həyata keçirilən bu ixtisarlar qətiyyən özünü doğrultmur. Başqa sözlə desək, ümumi formalaşmış rəyə görə, bir tərəfdən Mikayıl İsmayılovun təşəbbüsü ilə ARDNŞ-də real işçi qüvvələrin ixtisarı aparılırsa, digər tərəfdən də şirkətin yuxarı, orta və kiçik rəhbər kadrlar ştatının qətiyyən özünü doğrultmayan çoxluğu şirkətin izafi məsrəflərin artmasını stimullaşdırır. Bir müddət əvvəl Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da mətbuata verdiyi açıqlamasında məsləyə münasibət bildirmişdi: “İxtisarlar aparılır və yenə də yalnız fəhlələr işdən çıxarılır. Təkcə neft hasilatı sahəsində 100-dək rəhbər çalışır. Ən kiçik idarədə də rəisin 3 müavini var. ARDNŞ-də 8 vitse-prezident var. Natiq Əliyevin zamanında isə 3 vitse-prezident vardı. Bu gün şirkətdə nə qədər şöbə varsa, o qədər də vitse-prezident var. İdarə rəhbərlərinin müavinlərinin də sayı artıb. Hansı idarədə müavin yerləşdirmək üçün yer qalmayıbsa, orada əlavə şöbə açıblar. Vitse-prezidentlərin hərəsinin 4 xidməti maşını var. Fəhlələr 70-ci illərin avtobusunda daşınır, idarə müdirləri isə maşınlarını tez-tez yeniləyir. Zavodlarda 300 nəfər işçi olduğu halda kargüzarlıq şöbəsinə 14 nəfər ştat ayırıblar. Təkrar şöbələr də çoxdur...”Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır ki, bu gün ARDNŞ-də Rövnəq Abdullayevdən sonra ikinci söz sahibi məhz qurumun vitse-prezidenti Mikayıl İsmayılov hesab olunur. Bəzi mənbələr isə müəyyən məsələlərdə vitse-prezidentin mövqeylərinin daha yüksək olduğunu qeyd edirlər. Eyni zamanda da ARDNŞ-in maliyyə resurslarını yönləndirmə imkanına malik olan Mikayıl İsmayılov hazırda olduqca böyük biznes şəbəkəsinin sahibidir. Bu xüsusda yayımlanan məlumatlarda qeyd olunur ki, M.İsmayılovun paytaxtdakı biznes şəbəkəsinə “Cadillac Bakı Mərkəzi”, “Chevrolet Azerbaijan”, “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” motor yağlarının satış bazarı daxildir. Maraqlıdır ki, ARDNŞ-in idarə və şöbə müdirlərinin xidməti maşınlarının da hamısı “Chevrolet” və “Cadillac” markalarına aiddir. Mənbələr isə bu avtomobillərin Azərbaycana məhz Mikayıl İsmayılovun tərəfindən gətirildiyini iddia edirlər: “Vitse-prezident sahibi olduğu “Chevrolet Azerbaijan”ın avtomobillərini şirkətin idarə və şöbələrinə paylamaqla, eyni zamanda bir neçə məqsədə nail olur. Belə ki, bu şirkətin istehsal etdiyi avtomobillər yanacaq sərfiyyatına görə digərlərindən fərqlənir. Yəni daha çox yanacaq işlədirlər. Digər tərəfdən, onların ehtiyat hissələri tez-tez dəyişdirilməlidir. Təsəvvür edin ki, Dövlət Neft Şirkətində yüzlərlə, bəlkə də minlərlə “Chevrolet”, həmçinin “Cadillac” avtomobilləri var. Bu maşınların yanacağının və ehtiyat hissələrinin alınmasına il ərzində milyonlarla pul sərf edilir. Mikayıl İsmayılov öz maraqlarını təmin etmək məqsədilə yüzlərlə işçini ixtisara salır. Və bu yolla izafi xərclərin qarşısını alacağı görüntüsünü yaratmağa çalışır. Əslində isə, şirkəti maliyyə böhranına özü sürükləyir. Həmçinin Neft Şirkətinin bütün idarə və müəssisələrində yalnız Mikayıl İsmayılova məxsus olan “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” motor yağlarından istifadə olunur. Əgər təchizat işlərinə nəzarət edən məmurlar başqa yağlardan istifadə etsələr, o zaman Mikayıl İsmayılov tərəfindən sərt şəkildə cəzalandırılırlar. Vitse-prezident şirkətin büdcəsinin yetərli hissəsini özünə məxsus olan biznes obyektlərinə yönəldib və beləliklə də böyük sərvət sahibinə çevrilə bilib...”