115 saylı bağçada uşaqlara vaxtı ötmüş qidalar verilir - PROBLEM
8-06-2015, 17:31
Bu gün valideynlər uşaqlarına bağça seçərkən çox götür-qoy edirlər. Çünki bağçalarda vəziyyət heç də qənaətbəxş deyil. Bəzi valideynlər övladlarına özləri baxırlar. Bəziləri isə işlədiyinə görə övladlarını bağçaya qoymağa məcbur olurlar. Ümumiyyətlə, bağça uşaqların cəmiyyətdə formalaşmasında mühum rol oynayır.
Uşaqları məktəbə hazırlayır. Lakin bəzi valideynlər övladlarına tərbiyəni özü verir və bağçaya qoymaqdan imtina edir. Hətta mətbuatda gedən informasiyalar da valideynləri təşvişə salır. Dəfələrlə bağçalarda tərbiyəçilərin uşaqlara qarşı kobud davranışlarını görürlər. Bu səbəbdən də valideynlərin əksəriyyətinin məktəbəqədər təhsil müəssisələrinə inamı azalır və övladlarını bağçalara etibar etmirlər. Əslində valideynləri bir tərəfdən də qınamaq olmur. Bu gün paytaxtda fəaliyyət göstərən əksər bağçaların durumu heç də normal deyil. Xüsusilə də dövlət bağçalarında valideynləri razı salmayan faktlar kifayət qədərdir. Belə bağçalardan biri də Nəsimi rayonunda yerləşən 115 saylı bağçadır. Sözügedən bağça son zamanlar medianın gündəmindən düşmür. Sözsüz ki, yaxşı mənada deyil. Burada uşaqlara verilən məhsullar həddindən artıq keyfiyyətsizdir. Nəzərə alsaq ki, körpələrin orqanizmi həssasdır. Köhnə məhsullar dərhal uşaqların sağlamlığına təsir edə bilər. Ona görə də bağçada uşaqlara keyfiyyətli məhsullar verilməlidir. Lakin sözügedən bağçada verilən məhsullar içərisində keyfiyyətli məhsuldan söhbət belə gedə bilməz. Hətta bir müddət öncə də jurnalistlərdən birinin övladına həmin bağçada iylənmiş ət vermişdilər. O zaman da bu məsələ aktuallaşmışdı. Bağçaya verilən ətləri satıb yerinə köhnə mənşəyi bilinməyən ət gətirib qoyublar. Aparılan araşdırmalara görə, adıçəkilən bağçada yeməklər resepturalar olmadan, sanitariya və gigiyena qaydalarına əməl olunmadan hazırlanır. Hətta bizə verilən məlumata görə, bağçaya verilən məhsullar satılır. Bütün bunlardan isə müdirin xəbəri olub. Bizə verilən məlumata görə, dəfələrlə valideynlər bu kimi halların şahidi olublar. Lakin müdirin yalvar-yaxarından sonra valideynlər bu məsələdə susublar. Lakin son zamanlar bağçada yenidən özbaşınalıq baş qaldırdığından valideynlər bu məsələni gündəmə gətirmək istəyiblər. Uşaqlara vaxtı ötmüş qidalar verirlər. Hətta bundan zəhərlənən uşaqlar da olub.
Yaşananlar bir daha göstərir ki, bu istiqamətdə ciddi işlərin görülməsinə böyük ehtiyac var. Çünki bu kimi duruma nəzarət edilməzsə, yəqin ki, daha sonralar bizləri nəyin gözləyəcəyini təxmin etmək elə də çətin deyil.
Bundan başqa bağça müdiri qanunsuz hərəkətlərə yol verərək heç bir əmək müqaviləsi bağlamadan tərbiyəçilərin qanunsuz işləməsinə şərait yaradır. Əldə etdiyimiz məlumata görə, bağçaya normadan artıq uşaq qəbul edilir.
Həmin bağçada uşaqların təlim və tərbiyəsi ilə məşğul olan mütəxəssis qıtlığı yaşanır. Bağçada çalışanlar içərisində isə orta təhsili olmayanlara rast gəlmək mümkündür. Belə bir vəziyyətdə məktəbəqədər təhsil müəssisələrindən nə isə gözləməyə dəyməz. Bir sözlə, uşağını sağlam dünyagörüşlü olması üçün bağçaya qoyan valideyn nəticədə qanunsuzluq və özbaşınalıqlarla tərbiyə alan övlad şahidi olur.