“Gəncəbank”dan kredit alıb tələyə düşən daha bir iş adamı - məhkəməyə üz tutdu
8-06-2015, 17:34
Beynəlxalq Bankdakı yoxlamalar “Gəncəbank”da aparılmalıdır; bankdakı maxinasiyalara Mərkəzi Bank niyə göz yumur?
“Gəncəbank”dakı qanunsuzluqlar haqda daha bir xəbər almışıq. Maraqlıdır ki, bankda baş verənlərə rəğmən nə Mərkəzi Bank rəhbəri Elman Rüstəmov, nə də baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi reaksiya verməyə tələsmir.
Aydındır ki, banklar gəlir əldə etməlidir. Bank sahiblərinin hansısa sahibkara faizsiz və ya girovsuz kredit vermək öhdəliyi yoxdur. Bütün dünyada bankların böyük əksəriyyəti bu prinsiplərlə işləyir, qazanır və müştərilərini də qazandırırlar.
Deyəsən, təkcə “Gəncəbank”da bu prinsiplər keçərli deyil. Banka yolu düşən sahibkarlar sonradan ora ayaq basdıqları günü böyük təəssüflə xatırlamalı olurlar.
Vətəndaş Sadiq Həsənov da 8 il əvvəl imzaladığı kredit müqaviləsinin peşmançılığını çəkir.
Onun vəkili Adəm Məmmədov deyir ki, S.Həsənovun rəhbəri olduğu “Ceyrançöl” MMC ilə bank arasında 11 sentyabr 2007-ci ildə 249 №-li kredit müqaviləsi bağlanıb. Sadiq Həsənov “Gəncəbank”dan götürdüyü 100 min manat kreditin təminatı kimi özünün Səbayel rayonu, Badamdar qəsəbəsi, 99 saylı fərdi yaşayış evini ipotekaya qoyub.
Səbayel Rayon Məhkəməsinin 20 dekabr 2012-ci il tarixli icra vərəqəsinə əsasən, “Ceyrançöl” MMC-nin banka yaranan 45 min 599 manat borcu 17 oktybar 2013-cü il tarixədək tam ödənilb. Buna müvafiq olaraq Səbayel Rayon Məhkəməsində iş üzrə icraata xitam verilib. Lakin bank mənzilin girovluqdan çıxarılmasını təmin etmir.
Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyesterində aparılmış qeydiyyatın ləğv edilməsi barədə müvafiq məktubu qanunsuz olaraq quruma yollanmır.
Vəkil deyir ki, bankdan bu addımı atmaq üçün S.Həsənovdan ağlagəlməz məbləğ tələb edirlər.
“Açıq şəkildə deyirlər ki, tələb yerinə yetirilməyəcəyi təqdirdə yaşayış evinin gorovluluğu götürülməyəcək. Bu isə bizim qanunla qorunan hüquqlarmızın pozulması və ”Gəncəbank”ın növbəti özbaşınalığıdır.
İpoteka haqqında qanunun 46-cı və 48-ci maddəsi də hüquqi cəhətdən bizim haqlı olduğumuzu birmənalı şəkildə təsdiq edir. Təəssüf doğuran əsas hallardan biri də tərəflər arasında mövcud müqavilənin və qüvvəyə minmiş məhkəmə qərarının nəzərə alınmamasıdır. Müqavilə öhdəliyi “Gəncəbank”la “Ceyrançöl” MMC arasında müqaviləyə əsasən tam ödənilsə də, “Gəncəbank” heç bir öhdəliyi olmayan Sadiq Həsənovun faktiki mənzilini ələ keçirmək və ya mənzili girov saxlamaqla vəsait əldə etmək istəyir. Əgər onlar məhkəmə aktına tabe olub qanuna uyğun mənzili yüklülükdən çıxarmırlarsa, deməli, onların niyyəti heç də xoşməramlı deyil.
Biz “Gəncəbank”ın qanunsuz hərəkəti ilə bağlı Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişik” deyə A.Məmmədov bildirib.
Vəkil Sadiq Həsənovun mülkiyyətinin digər vətəndaşlar kimi “Gəncəbank”ın qurbanına çevrilməsinə imkan verməyəcəyini açıqlayıb: “Mərkəzi Bank, o cümlədən hüquq-mühafizə orqanları bu qanunsuzluğa son qoymalıdırlar. Sadiq Həsənovun pozulmuş hüquqları bərpa olunmalı və ”Gəncəbank” barəsində lazımi tədbir görülməlidir”.
Qeyd edək ki, “Gəncəbank”da baş verən qanunsuzluqlar haqda dəfələrlə yazmışıq. Bank rəhbəri Pərvanə Novruzovanın banka yolu düşmüş Natalya Kərimovaya məxsus əmlakları mənimsəməsi, Gəncə sakini Şahin Bağırlının almadığı kreditə görə 85 min manat borcla yüklənməsi, evinin əlindən alınması, mərhum prezident Heydər Əliyevin fədakar əməyinə və çoxuşaqlı ata olduğu üçün Gəncə sakini Əli Əliyevə verdiyi mənzilin onun oğlundan saxtakarlıqla alınması da bankda baş verən qanunsuzluqların çox cüzi hissəsidir.
Nə qədər ki, “Gəncəbank” Gəncədə və ətraf rayonlarda dövlət orqanlarının, lap elə Gəncənin Nizami Rayon Məhkəməsinin binasın ələ keçirməyib, Beynəlxalq Bankda aparılan yoxlamalar “Gəncəbank”a da keçməlidir. Yoxsa, “Gəncəbank” vətəndaşların mal-mülklərinə xəyanəti çox pis nəticələrlə sonuclancaq…
musavat.com