“Qaçqınkom” saxta sənəd verir? – Foto
21-06-2015, 18:09
Bərdə rayonunda yaşayan, Kəlbəcərdən olan qaçqın Famil İsmayılov ailəsi ilə birlikdə qəzalı evdə yaşaması, evinin yaxınlığında yanacaqdoldurma məntəqəsi olması üstündən isə yüksək gərginlikli elektrik xətti keçməsi ilə bağlı xəbər vermişdik.
Məsələnin aydınlaşması üçün üç gündən sonra Etatist.com-a açıqlama verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Famil İsmayılovun Bərdə rayonunda qeydiyyatda olmadığını dedi:
“Onun qeydiyyatı Tərtər rayonundadır. Ancaq yaşadığı ərazi Bərdədir, kommunal xidməti də Bərdədən istifadə edir. Həmin ailə Bərdədə dəmiryol xəttinin kənarında yaşayır. Siz deyirsiniz yanacaqdoldurma məntəqəsinin yanında yaşayır. O ailənin əvvəlcə balaca bir daxması olub, sonra evini böyüdüb. Digər bir tərəfdən Bərdə rayonu ərazisində heç bir köçürülmədən söz gedə bilməz. Hələ köçürülməyə başlanılmayıb”.
“Qanunvericiliyə görə məsuliyyət daşıyır”
E.Qədiov Famil İsmayılovun qeydiyyatının Tərtər rayonuna olduğunu desə də apardığımız araşdırma nəticəsində məlum oldu ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sturukturları bir-birindən xəbərləri olmadan fəaliyyət göstərirlər. Belə ki, Sərdar Zeynalovun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bərdə Rayon Nümayəndəliyinin möhürü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək üçün F.İsmayılova arayış verib. Həmin arayışlar:
Hüquqşünas Ələsgər Məmmədli Etatist.com-a bildirib ki, qanunvericiliyə görə, sənədlərin bu və ya digər şəkildə saxtalaşdırılması yolverilməzdir: “Əgər həmin şəxs məcburi köçkün kimi Bərdədə qeydiyyatda deyilsə o zaman ona elə bir sənədin verilməsi doğru deyil. Bu da sənədin saxtalaşdırılması hesab olunur. Qanunvericiliyə görə də məsuliyyət daşıyır”.
Hüquqşünas Adil Minbaşıyev də bildirib ki, həmin sənədin verilməsinə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayonunda olan nümayəndəsi məsuliyyət daşıyır.
Başqa bir hüquqşünas Yavər Hüseynli də deyib ki, qaçqınların hansı rayonda qeydiyyatda olması kompüterdə sistemdə qeyd olunub: “Əgər Tərtər qeydiyyatındadırsa Bərdə rayonundan arayış verilməli deyil. Verirsə məsuliyyətini daşıyır”.
E.Qədimov eyni zamanda bildirir ki, F.İsmayılov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müraciət etməyib, müraciət etdəndən sonra onun şikayətinə baxılacaq:
“Həmin ailə komitəyə müraciət eləsin, bizim qaynar xəttimiz var, “e-Mail” adreslərimiz var. Problemi yazıb komitəyə göndərsin. Yazıbsa qanunvericiliyə uyğun olaraq araşdırılıb tədbir görülür, cavab verilir”.
Famil İsmayılov isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə bu ilin 12 may tarixində müraciət edib. Həmin müraсiətin qəbzi:
Məsələnin araşdırıldığını bildirən E.Qərimovun xəbəri yoxdur bəlkə də, ancaq S.Zeynalov Famil İsmayılova deyib ki, “siz evlə təmin olunmamalısınız. Məni xərcə salıb bura niyə gətirirsiniz?”
Elçin Qədimov açıqlamasında israrla bildirir ki, Famil İsmayılov öz evini böyüdüb:
– Əvvəl evi balaca idi, indi tikib böyüdüb. Mən rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım, o dedi ki, böyüdüb.
– Orda tikiləsi heç nə yoxdur. Bizdə həmin evin fotoları var, istəyirsiniz sizə göndərək…
– Qardaş, sən mənimlə şantajla danışma.
“Mənimlə şantajla danışırsan” deyən E.Qədimova və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həmin ərazinin fotolarını təqdim edirik:
Qeyd edək ki, Famil İsmayılov Kəlbəcər rayonundan qaçqındır və artıq 17 ildir ki, Bərdə rayonunda yaşayır. Lakin, onun adı prezidentin fərmanı ilə qaçqınlar üçün tikilən evlərin siyahısına salınmayıb.