Baş redaktor naziri "ağ yudu, qara sərdi"... - "...amma tək bircə qüsuru var ki, yalançıdır"
29-07-2015, 21:41
"Paralel" qəzetinin təsisçisi və baş redaktoru, 2008-ci ildən Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan, keçmiş müsavatçı Tapdıq Abbas əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova bərk qəzəblənib. DİA.AZ bildirir ki, baş redaktor bu qəzəbini hətta facebook səhifəsində də ifadə edib.
"Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov çevik nazirdi, işinin öhdəsindən gələndi, adamları yaxşı yola verir, amma tək bircə qüsuru var ki, yalançıdır! Nə desən, deyəcək baş üstə, amma day baş üstədən o yana heç nə yoxdu!!! Bir neçə əlil vətəndaş bizim qəzetə müraciət edib, nazirliyin hesabına müalicə oluncaqları ilə bağlı onlara söz versələr də, nazirlik vədini yerinə yetirməyib. Həmin şikayəti nazirə göndərmişik, hələ də heç bir cavab yoxdu, elə bil quyuya daş atıbsan, səsi də çıxmır!"
***
Qeyd edək ki, bu məlumatı yaydıqdan sonra hörmətli Tapdıq müəllim yeni bir status da paylaşıb ki, bu da bir çoxlarına qəribə gəldi... Hər halda statusun mətnindən sizlər də qəribəliyi duyacaqsınız:
"Maraqlıdır, bir cümlə stastus yazan kimi, dərhal bəzi saytlar ondan yapışıb hücuma keçirlər. Məsələn, bir saat bundan əvvəl Əhalinin Sosial Müdafiə naziri cənab Səlim Müslümov haqqında yazdığım müsbət status operatorun məsuliyyətsizliyi üzündən səhv gedib. Baxıram ki, DİA.az (hörmətli Məhəmməd bəyin saytı) həmin statusu tez səhifəyə qoyub. Ona görə də həmin yazı yanlışdır. Əslində həmin status belədir: Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov çox izgüzar və diqqətli nazirdir. Ölkə Prezidentinin etimadını doğruldan bir - iki nazirdən biridir. Redaksiyaya əlillərdən müalicə olunmaqla bağlı daxil olmuş məktubu cənab nazirə göndərmişdik. Artıq həmin əlillər müalicəyə göndəriliblər və redaksiyaya və nazir Səlim Müslümova təşəkkürlərini bildiriblər!"