Prezidentin tapşırığını saymayan vergi "boss"-ları: Vergilər Nazirliyinin 5 saylı ərazi vergilər idarəsinin rəis müavini Pənah Qurbanov
29-07-2015, 21:48
Nazirlər Kabinetinin bir neçə gün əvvəl keçirilən toplantısında prezident İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq etdi. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirdi: "Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti əfsuslar olsun ki, formalaşmayıb.
Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki, Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər. Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, "krışalıq" edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır". Ölkə başçısının xəbərdarlığından sonra Vergilər Nazirliyinin rəhbər şəxsləri dərhal hərəkətə keçdi. Vergilər Nazirliyində prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı 13 iyul tarixli iclasına həsr olunmuş kollegiya iclası keçirilib. Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan vergilər naziri vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb. Buna baxmayaraq, bəzi vergi idarələrinin rəhbər vəzifəli şəxsləri hələ də öz bildiklərini edirlər.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Vergilər Nazirliyinin 5 saylı ərazi vergilər idarəsinin rəis müavini Pənah Qurbanov Şirvan, Salyan və ətraf rayonlarda yerləşən yanacaqdoldurma məntəqələrinin əksəriyyətinə "krışa"lıq edir. teref.az dia.az-a istinadən yazır ki,məlumatlı mənbə deyir ki, rəis müavininin himayədarlıq göstərdiyi obyektlərin arasında Salyan rayonunun Qaraçala qəsəbəsində yerləşən "Kamil Petrol", Xələc qəsəbəsindəki "Bakı Petrol", Qarabağlı kəndindəki adı olmayan yanacaqdoldurma məntəqələri var: "Bu yanacaqdoldurma məntəqələrinin heç birinin lisenziyası yoxdur. Yəni onların fəaliyyəti tam olaraq qanunsuzdur. 5 saylı ərazi vergilər idarəsinin rəis müavini Pənah Qurbanov lisenziyası, kassa nəzarət aparatı olmayan yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərməsinə şərait yaradır, onlara "krışa"lıq edir. Həmin məntəqələrin sahibləri də öz növbələrində hər ay rəis müavininin payını çatdırırlar.
Qanunvericiliyə görə, respublika ərazisində neft və qaz məhsullarının saxlanılması, sıxılmış və maye qazın satışı, yanacaqdoldurma məntəqələrinin fəaliyyəti Nazirlər Kabinetinin xüsusi razılığı əsasında baş tuta bilər. Lisenziyanın tələbinə görə yanacaqdoldurma məntəqələrini və avtomobillərə yol xidməti stansiyalarını tikib istifadəyə vermək istəyənlər onun yerini seçərkən mütləq müvafiq araşdırmalar aparmalıdırlar. Həmin məntəqələri yolkənarı sahələrdə, zonalarda mailliyi 40%-dən çox olmayan yol kənarında salmaq, planda radiusu 1000 metrdən çox, uzununa profildə radiusu 10000 metrdən yuxarı olan qabarıq əyrilərdə, dəmir yol keçidlərindən 250 metrdən, körpü keçidlərindən 1000 metrdən yaxın olmayan yerlərdə, hündürlüyü 2 metrdən yuxarı olmayan tökmə torpaq sahələrində yerləşdirmək təhlükəsizlik baxımından məqsədəmüvafiqdir. Lakin adlarını çəkdiyim yanacaqdoldurma məntəqələrində bu tələblərin heç birinə əməl olunmur. Bu yanacaqdoldurma məntəqələrində müvafiq qaydalara əməl edilmədiyi üçün ciddi fəsadlar üzə çıxa bilər". 5 saylı ərazi vergilər idarəsinin rəhbərliyi tərəfindən himayə olunan obyektlərdən biri də Şirvan şəhərində Rahil Həsənova məxsus maye yanacaqdoldurma məntəqəsidir: "Bu obyektin sənədləri qaydasında deyil. Nə lisenziyası, nə kassa nəzarət aparatı, nə də digər zəruri sənədləri var. Qanuna əsasən, yeraltı maye yanacaqsaxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyə olunur.
Bu məsafə yanacaqpaylama kolonkalarından və yeraltı maye yanacaq saxlama çənlərindən hesablanmalıdır. Gərginlik və ya digər parametrlərdən asılı olmayaraq yüksək gərginlikli elektrik hava xətlərinin yanacaqdoldurma məntəqələrinin üzərindən keçməsi qadağandır. Rahil Həsənova məxsus maye yanacaqdoldurma məntəqəsi isə sanki barıt çəlləyini xatırladır. Burda texniki təhlükəsizlik qaydalarına qətiyyən riayət olunmur. Buna görə də maye yanacaqdoldurma məntəqəsində hər an güclü partlayış baş verə və ətrafdakı insanlara ciddi ziyan dəyə bilər. Amma Rahil Həsənov bunları nəzərə almır. O deyir ki, 5 saylı ərazi vergilər idarəsinin rəhbər işçilərinə hamı kimi hörmət edib işləyirəm". İnanmaq istərdik ki, aidiyyəti dövlət qurumlarının nümayəndələri Salyan və Şirvan ərazisində qeyri-qanuni fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin fəaliyyətini tezliklə araşdıracaq, işində nöqsan olan məntəqələri bağlayacaqlar. Məqalə ilə bağlı qarşı tərəflərin də münasibət bildirmək hüququ var.