“Veysəloğlu” malların qiymətini qaldırdı: SAHİBKARLAR ETİRAZA QALXDI

31-07-2015, 15:09           
“Veysəloğlu” malların qiymətini qaldırdı: SAHİBKARLAR ETİRAZA QALXDI
“Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə manatın məzənnəsinin ABŞ dollarına nisbətən aşağı düşməsi Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsullarında süni qiymət artımına səbəb olmayacaq”. JAM.AZ xəbər verir ki, bu bəyanat Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən fevralın 24-də yayılan press-relizdə səsləndirilib.

Amma elə həmin açıqlamada qeyd olunur ki, “şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin artması şirkət üçün də təsirsiz ötməyəcək.”

Bu təsir özünü çox gözlətmədi: şirkət qapılarını bütün istehlakçıların üzünə bağlayaraq, mal satışını dayandırdı. Nəinki əyalətdə, hətta paytaxtdakı böyük marketlərin vitrinindən "Veysəloğlu"nun məhsulları yoxa çıxdı.

Salyan rayonunda fəaliyyət göstərən «Ay işığı» marketinin sahibi Məmməd Cəfərli JAM.AZ-a bildirib ki, manatın devalvasiyasından sonra “Veysəloğlu” şirkəti ilə 15 illik əməkdaşlığı dayanıb.

Buna səbəb partnyorlarının qanunsuz tələbləri olub: “Cənub bölgəsi üzrə Satış və Distribütor rəhbəri Pənah Hüseynov uzunmüddətli krediti saxlamaq üçün qalıq malı yeni qiymətlərlə hesablaşmağı təklif etdi. Razılaşmadıqda mallarını marketimizdən yığışdırıb apardı. Bu addım daimi müştərilərimizin bir qismini itirməyimizə səbəb oldu. Belə ki, şirkətin məhsullarını bizdə tapa bilməyənlər başqa marketlərə üz tutmalı oldular».

Şirvan şəhərində fəaliyyət göstərən «Nyustor» supermarketinin sahibi Hikmət Quliyev isə bildirir ki, şirkət təmsilçisi yalnız “Veysəloğlu” mallarını satan dükanlara qiymətdə güzəşt edir. Bu isə mağazaların çeşidinə və istehlakçıların seçim imkanına təsir edir.

Eyni məhsulun eyni vaxtda müxtəlif satış nöqtələrində fərqli qiymətə satılması isə alıcılarda narazılıq doğurur. Adamlar elə düşünür ki, “Veysəloğlu” məhsullarının qiymətini qaldıran market sahibləridir. Onlar bilmir ki, şirkət məhsullarını hərəyə fərqli şərtlərlə, fərqli qiymətə təklif edir.

“Veysəloğlu” Şirkətlər Qrupu ilə onun məhsullarını realizə edən satış nöqtələri arasında narazlıq öz yerində, amma ortada istehlakçı hüququnun pozuntusu və süni qiymət artımı faktı var.

Hər halda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti təcili olaraq istehlak bazarındakı bu qiymət uyğunsuzluğunu araşdırmalıdır. Özü də Avropa Oyunlarının davam etdiyi bir ərəfədə və olipiadanın bitdiyi gün belə hərəkətlərə yol verilməsi, heç də yaxşı qarşılanmayan şaldır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.