Masallıda striptiz klublar peyda olub
31-07-2015, 16:26
Masallının İsti Su ərazisi kimi tanınan istirahət zonasında fəaliyyət göstərən bir çox istirahət mərkəzlərində əxlaqsızlıq baş alıb gedir.
teref.aznun məlumatına görə, bununla bağlı Jam.az saytına şikayət edən rayon sakinləri bildiriblər ki, onlar ailələri ilə birlikdə bu ərazilərə dolana bilmirlər.
Səbəb isə bir çox istirahət mərkəzlərindən turizm məkanı kimi deyil, qadın alveri üçün istifadə olunmasıdır.
Saytın yaydığı məlumata görə, əksər istirahət mərkəzlərində gündüz hər şey normal görünsə də, hava qaraldıqdan sonra “yarasalar” peyda olmağa başlayır. Hətta gecə saatlarında müştərilər üçün striptiz partilərin təşkil edildiyi də iddia olunur.
““Nil Bağı” İstirahət Mərkəzində qonağın qarşısına yarıçılpaq qızların çıxmasından tutmuş, elə həmin formada rəqslərin təşkil edildiyini də görmək mümkündür. Gecələr bu “bağ”da striptiz səhnələri də təşkil edildiyinə dair məlumat var.
“Gölüstü” İstirahət Mərkəzi də “Nil Bağı”ndan geri qalmır. Bu otellərdə ailə ilə qalmaq mümkün deyil. Bu obyekt də qadın alveri üçün istifadə olunur. İstirahət Mərkəzinin qarşısında hər gün Post Patrul Xidməti keşik çəkir. Buna səbəb isə həmin restoranda müdiriyyətlə müştərilər arasında mütəmadi olaraq dava-dalaşın yaranmasıdır. Ona görə ki, burada istənilən masaya istənilən məbləğdə hesab gələ bilər. Və bu da narazılıqla qarşılanmaqla yanaşı, həm də davaya səbəb olur” - sayt yazır.