Azərbaycanda dövlət rüsumu ilə satılan nömrələrin müdhiş BİZNESİ

31-08-2015, 21:53           
Azərbaycanda dövlət rüsumu ilə satılan nömrələrin müdhiş BİZNESİ
Və ya Müşfiq Rəhimov cüt nömrələrin qiymətini necə 230 min manata qədər qaldırıb?

Ötən günlərdə xəbər vermişdik ki, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovun təkcə restoran deyil, həmçinin dövlət nömrə nişanları biznesi də var. JAM.AZ-a daxil olmuş məlumatlarda qeyd olunurdu ki, şöbə rəisinin Lənkərandakı «Xəzər Palase» istirahət mərkəzi ilə yanaşı, həm də Bakıda «Neon» adlı restoranı da mövcuddur.

Qeyd edək ki, Rəhimovun əsas gəlir yeri nömrə satışındandır. Avtomobillər üçün nəzərdə tutulmuş bu nişanların dövlət rüsumu 18 manatdan baha deyil. Amma elə bir vətəndaş olmaz ki, şəxsi maşınına nömrə alarkən 250-300 manat xərci çıxmasın. JAM.AZ-ın bununla bağlı apardığı araşdırmalar zamanı üzə çıxan məqamlar isə kifayət qədər maraqlıdır.

İlkin araşdırmalar zamanı məlum olub ki, Müşfiq Rəhimovun ixtiyarında olan 10, 90 və 99-la başlayan dövlət nömrə nişanları böyük gəlir mənbəyidir. Belə ki, qöbə rəisi cüt rəqəmli və hərfli nömrələrə xüsusi qiymət qoyub. Məsələn, 10 NN 555 nömrəsinin qiyməti 3000 manatdır. Bu qiymətlər hərflər üzrə dəyişir. Tutaq ki, 10 CC 555 nömrəsinə sahib olmaq istəyən şəxs bunun üçün şöbədə ən azı 4-5 min manat xərcə düşməlidir.

JAM.AZ xəbər verir ki, Müşfiq Rəhimovun ən çox qazanc götürdüyü dövlət nömrə nişanları isə 99 ZZ (TT) 999-dur. Məlumatlara görə, bu nömrələrin qiyməti 200-230 min manat arasında dəyişir. Həmin nömrələri hər kəsin almaq imkanı olmasa da, varlı adamları özünün daimi müştərisinə çevirmiş şöbə rəisi rahatlıqla böyük qazanclar əldə edə bilir.

Düzdür, Müşfiq Rəhimovun «cibxərcliyi»ni çıxaran işlər də var. Məsələn, 90 SS 999 və ya sonuncu rəqəmləri 044, 033, 022 və sairələ başlayan dövlət nömrə nişanlarının da qiymətləri ucuz sayılmır. Onlar üçün nəzərdə tutulmuş məbləğ 1000 manatdan başlayır.

Qeyd edək ki, cüt nömrə məsələsi ilə bağlı hələ bir xeyli əvvəl qalmaqal yaşanmışdı. Həmin vaxt Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verərək bildirmişdi ki, dövlət rüsumlarında heç bir dəyişiklik olmayıb və nömrə alveri edənlərin kimliyi müəyyənləşərsə, cəzalandırılacaq. Lakin həmin vaxt adı daha çox hallanan İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiş Rəhimovla bağlı hər hansı bir tədbir görülmədi. Və bunun da sonradan müəyyən səbəbləri üzə çıxdı. Hətta Rəhimov ən yaxınlarının yanında böyük bir iddiada bulunub. Həmin iddiası isə ölkənin önəmli fiqurlarından biri haqqında olub və ortaya çıxacağı təqdirdə böyük qalmaqala səbəb ola bilər. Bununla bağlı yaxın günlərdə geniş məlumat verəcəyik.

JAM.AZ-ın əldə etdiyi bilgilərdə vurğulanır ki, Müşfiq Rəhimovun sürücülük vəsiqəsi biznesi də var. Ki, bu, artıq cəmiyyətdə geniş yayılmış bir informasiyadır və mahiyyəti də bəllidir. Hazırda Rəhimovun nəzarətində olan şöbədən sürücülük vəsiqəsi almaq istəyənin mütləq 1000 manatı olmalıdır.

Aydın məsələdir ki, nömrə alış-verişindən tutmuş, sürücülük vəsiqəsi əldə etməyə qədər heç bir işdə Rəhimov birbaşa iştirak etmir. O, otağının qarşısında quraşdırdığı kamera vasitəsi ilə əsas müştəriləri ilə təsadüfiləri bir birindən ayırır. Və tanımadığı adam olarsa, onu köməkçisi Aydının üzərinə yönləndirir. Aydın adlı həmin şəxs isə sözün həqiqi mənasında çox peşəkar bir dəllaldır və onun «müştəri»dən nəsə qoparmaması mümkün deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.

GUNDEMİNFO.AZ olaraq qeyd edək ki, dövlət nömrə nişanlarının rüsum qiymətləri isə dövlət qeydiyyatı nişanında əks olunmuş rəqəmlərin və ya həriflərin kombinasiyası üzrə təyin olunur

Artıq bir neçə aya yaxındır ki, saytımızın sual-cavab bölməsinə oxucularımız müxtəlif sahələri əhatə edən suallar ünvanlayırlar. Sualların növündən və əhatə etdiyi sahəsindən asılı olaraq ekspertlərdən və rəsmi qurumlardan münasibət öyrənərək izləyicilərimizin suallarına cavab veririk. Bu dəfə ki, oxucumuzun ünvanladığı sual dövlət nömrə nişanlarının və xaricdən gətirilmiş avtomobillərin gömrük rüsumları ilə bağlıdır. Oxucumuza bildiririk ki, rusum.az saytına daxil olmaqla avtomobillərin gömrük rüsumunu rahat formada hesablaya bilər. Belə ki, saytın sağ tərəfində olan “Nəqliyyat vasitələri üçün gömrük tarifləri kalkulyatoru” bölməsinə daxil olaraq avtomobilin ilini, mühərrikinin gücünü və alınan qiymətini yazmaqla rüsumu hesablamaq mümkündür.

Dövlət nömrə nişanlarının rüsum qiymətləri isə dövlət qeydiyyatı nişanında əks olunmuş rəqəmlərin və ya həriflərin kombinasiyası üzrə təyin olunur. Belə ki, avtomobillərin nömrəsi 001-dən 009-a qədər olan rəqəmlərdən, seriyası müxtəlif həriflərdən ibarət olduqda rüsum 1500, nömrə 001-dən 009-a qədər, seriyası eyni hərflərdən ibarət olduqda rüsum 2500, rəqəmlər 100-dən 900-ə qədər, seriya müxtəlif hərflərdən ibarət olduqda 1000, rəqəmlər 100-dən 900-ə qədər, seriya eyni hərflərdən ibarət olduqda 1500, nömrə 111, 222, 333, 444 , 555, 666, 777, 888, 999, seriya müxtəlif həriflərdən ibarət olduqda rüsum 500 manat, nömrə 111, 222, 333, 444, 555, 666, 777, 888, 999, seriya eyni hərflərdən ibarət olduqda isə rüsum 1000 manat müəyyənləşib.

Bu rəqəmlər və həriflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyatı nişanlarının verilməsinə, habelə, bu rəqəm və həriflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyatı nişanlarının təkrar verilməsinə görə, dövlət rüsumu 18 manat müəyyənləşdirilir.

Qeyd edək ki, indiyədək bütün nömrə nişanları üçün rüsum 18 manat olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.